Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq ali təhsil müəssisələrində və kolleclərdə təhsil alan tələbələr və pedaqoji kollektivlər yeni dərs ilinin ilk kütləvi profilaktik müayinələrinə, dispanserizasiyaya cəlb ediliblər.

Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının əməkdaşlarından ibarət həkim briqadası yaradılıb və iş qrafiki tərtib edilib. Noyabrın 27-də başa çatan kütləvi müayinələrdə bütün fakültələr əhatə olunmaqla, 3 min 156 nəfər iştirak edib. Profilaktik müayinə zamanı ehtiyac olan hallarda yüksəkixtisaslı həkimlər tərəfindən konsultasiya və laborator-diaqnostik müayinələr aparılıb. 170 nevroloji, 195 LOR, 81 stomatoloji, 259 oftal­moloji, 57 dəri-zöhrəvi, 45 terapevtik, 19 cərrahi xəstəliyə meyilli hal müşahidə olunub. Onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.
Tələbələr arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstə­liklər barədə səhiyyə maarifi işləri aparılıb. Kütləvi profilaktik müayinələr ilin sonuna kimi digər ali təhsil müəssisələrinin müəllim və tələbələrini də əhatə edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti