Bu günlərdə muxtar respublikanın səhiyyə tarixində daha bir ilkə imza atılıb. Belə ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə zamanı ECMO cihazı tətbiq edilib. Ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) ağciyər və ya ürək çatışmazlığı (ya da ikisi birlikdə) olan xəstələrdə başqa bir müalicə alternativi qalmadığı və ya uğursuz olduğu vəziyyətlərdə orqan zədələnməsinin qarşısını almaq üçün istifadə edilən müvəqqəti dəstək sistemidir. Bu aparatdan həyatı davam etdirmək üçün lazımi funksiyaları yerinə yetirə bilməyən ürək və ya ağciyər çatışmazlığı xəstələrinə müvəqqəti dəstək məqsədilə istifadə olunur.
Qeyd edək ki, muxtar respublika rəhbərinin şəxsi təşəbbüs və göstərişi ilə alınan bu aparat Azərbaycan Respublikasının az sayda səhiyyə mərkəzlərində mövcuddur.
Əməliyyatı həyata keçirən kardiocərrah Cabir Gülmalıyev Türkiyə Respublikasında tibb və uzmanlıq təhsili alaraq hazırda ürək-damar cərrahiyyəsi uzmanı kimi fəaliyyət göstərir. O bildirib ki, üzərində açıq ürək əməliyyatı aparılmış 69 yaşlı xəstə beş gün sonra ciddi aspirasyon pnevmaniyası və ağciyər çatışmazlığı diaqnozu ilə yenidən Reanimasiya şöbəsinə götürülüb. Baş verən təngnəfəslik onun həyatı üçün ciddi təhlükə yaradıb. Reanimatoloqlar Şahin Mazanov, Xətai Əliyev və perfuzionist Eylas Kazımov ilə birgə konsilium qərarına əsasən xəstəyə muxtar respublika səhiyyəsi tarixində ilk olaraq ECMO müalicə sistemi tətbiq olunub və 72 saat ərzində xəstəyə edilən dəstək minimuma endirilərək ECMO-dan ayrılıb. Həyatı xilas olunmuş xəstə hazırda müvafiq müalicələr alır.

Böyük qürur hissi ilə demək olar ki, fəaliyyətinin ötən on ili dövründə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində əhalinin sağlamlığı keşiyində duraraq, günü-gündən diaqnostik və müalicə arsenalının zənginləşməsi sayəsində yeni-yeni uğurlara imza atmışdır. Belə ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Fərəhli haldır ki, artıq kardiocərrahi manipulyasiya və əməliyyatların hamısı – laparoskopik, sisteskopik əməliyyatlar kənardan heç bir mütəxəssis dəvət edilmədən, yalnız Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim kadrları tərəfindən həyata keçirilir və muxtar respublika əhalisinin bu problemlərlə bağlı olaraq Bakı şəhərinə, xarici ölkələrə getmələrinə ehtiyac yoxdur. Artıq bir neçə ildir ki, respublikamızda ilk dəfə olaraq ultrasəslə müayinə aparatlarının nəzarəti altında müxtəlif orqanlardan və patoloji törəmələrdən nümunələr götürüb onların hüceyrə quruluşunu tədqiq etmək, həmçinin cərrahi müdaxilənin gedişində bir sıra orqanları bilavasitə müayinə edərək patoloji ocağın tapılmasına nail olmaq mümkündür. Son zamanlar respublikamızda ilk dəfə olaraq müxtəlif patoloji proseslər zamanı daralmış yemək borusunu genişləndirmək, bu nahiyəyə stend qoymaq, qapalı yolla mədəyə qastrostom borusu yerləşdirərək xəstələrin qidalanmasını təmin etmək üçün müasir tibbi müdaxilə üsulları tətbiq edilib.
Müxtəlif nevroloji xəstəliklər zamanı mərkəzi sinir sisteminin və əzələlərin fəaliyyətini müəyyənləşdirmək məqsədilə müvafiq olaraq elektroensefaloqrafiya və elektromioqrafiya müayinə üsulları da ilk dəfə olaraq bu səhiyyə müəssisəsində tətbiq olunmağa başlanmışdır.

Hüseyn Əsgərov