Son illər əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində şagirdlər arasında profilaktika xarakteri daşıyan tibbi yoxlamalar aparılır. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il payız mövsümündə Naxçıvan şəhərinin tam orta məktəblərindəki şagirdlər dərin tibbi müayinələrə cəlb ediləcəklər. Məktəblərdə aparılan müayinələrdən sonra bu tədbir Naxçıvan şəhərində yerləşən məktəbəqədər müəssisələrdə təşkil ediləcək. Bunun üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, onlara lazımi tövsiyələr verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçirilərək qruplaşdırılıb.

Dərin tibbi müayinələr aparmaq üçün oftalmoloq, stomatoloq, ortoped, ftiziatr, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. İlk müayinələr Naxçıvan şəhərinin 1 və 2 nömrəli tam orta məktəblərində aparılıb. Şagirdlər ixtisas həkimi tərəfindən yoxlanılıb. Oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.
Əvvəlki illərdə olduğu kimi, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil edilir.
Müayinələr oktyabrın 31-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti