Yadımdadır, uşaqlıqdan “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib”, “A bala, gəl özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz” kimi deyimlərlə çox tez-tez rastlaşırdım. Sən demə, mənim uşaq ağlımla dərk etmədiyim deyimlər üzərində yüz illərdir ki, ailələr qurulub, bu gün də qurulur. Yəni qan qohumları olan əmi, xala, bibi uşaqları evlənirlər. Bəziləri düşünür ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar. Yaxud da onlar arasında bağlanan nikah var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq və sair kimi məsələlərə də xidmət edir. Lakin bəzən belə hallarda ailələrdə konflikt yaranır ki, bu da möhkəmləndirməyə çalışdıqları ailə bağlarını çürüdür, nəticədə, münasibətlər gərginləşir. Əminəm ki, çoxlarımız belə hadisələrlə rastlaşmışıq və təəssüf ki, bu hallara bu gün yenə də rast gəlmək olur.

Qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evlilik birmənalı şəkildə ətraflı təhlil olunmur. Əgər bir xalaoğlu öz xalaqızısını sevirsə, bu cür sevgi əsasında qurulan evliliyə qarşı münasibətə cəmiyyət loyal yanaşır. Ancaq məsələyə tibbi baxımdan yanaşsaq, belə cütlüklərin izdivacı çox hallarda xəstə övladların dünyaya gəlməsinə səbəb olur. Tibb işçiləri həyəcan təbili çalırlar ki, qohumla evlənən insanlar öncədən müəyyən testlərlə yoxlanmalı, sonra evlənmək qərarı verməlidirlər. Onlar bildirirlər ki, yaxın qohumların evliliyindən dünyaya gələn uşaqlarda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalı var. Bəziləri ya gələcəkdə bu səbəbdən hansı probemlərlə qarşılaşacaqlarından xəbərsizdirlər, ya da qohumluq əlaqələrinə o qədər bağlıdırlar ki, bunu nəzərə almayıb yenə də qohum nikahını dəstəkləyirlər.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevlə görüşüb ona bir neçə sual ünvanladıq:
– İbrahim həkim, qanqohumluğunun zərərli nəticələri barədə nə deyə bilərsiniz?
– Azərbaycan xalqının ailə modeli nəinki Şərqdə, həm də Qərbdə unikal hesab olunan ailə modelidir. Yəni buraya ailədaxili münasibətlər, böyüklərə hörmət, ehtiram və sair kimi ənənələr daxildir ki, bütün bunlar xalqın milli və mənəvi dəyərlərinə söykənir. Lakin Azərbaycan ailəsində hələ də bəzi problemlər qalmaqdadır. Bu gün də elə ailələr var ki, onlar qanqohumluğu nikahlarına və erkən evliliklərə üstünlük verirlər. Lakin bilmirlər ki, belə nikahlar nəticəsində hüceyrələrdə (xromosomlarda) gedən mutasion dəyişikliklər döldə müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur. Belə evliliklər irsi-genetik xəstə­liklərin özünü daha tez büruzə verməsində əsas amillərdən biridir.
Qohumla evlənmənin zərərli nəticələri insanları daim düşündürmüşdür. Onlar həmişə yaxın qohumlardan doğulan uşaqların çoxunun müxtəlif xəstəliklərə – qan xəstəliklərinə, anadangəlmə eybəcərliklərə, fiziki və əqli cəhətdən gerilik kimi hallara tutulduqlarını görmüşlər. Genetik tədqiqatlar təsdiq edir ki, qan qohumlarının evlənmələri nəticəsində hemofiliya, talassemiya, daun xəstəlikləri, gözün rəng seçmə qüsuru (daltonizm), qurdağız, dovşandodaq, uşaq serebral iflici və sair irsi-genetik xəstə­liklərin əmələgəlmə riski yüksək olur.
Məsələn, hemofiliya (qanın laxtalanmaması) xəstəliyinin daşıyıcı geni anadan qız övladına ötürülürsə, bu qız da anası kimi həmin xəstəliyin daşıyıcısı olur, lakin həmin qızda xəstəlik özünü büruzə vermir, xəstə­liyin daşıyıcı geni gizli qalır. Bu gen anadan oğlan övladına keçdikdə isə fəaliyyətini artırır və hemofiliya xəstəliyi yaranır. Belə uşaqlarda kiçik travmalar, diş çəkilməsi, hər hansı bir iynənin vurulması qanaxmalara səbəb olur, bəzən isə daha ağır nəticələr baş verir. Beləliklə, qan qohumlarının evlənməsindən doğulan bacı və qardaş, hüceyrələrin mutasiyası (dəyişkənliyi) nəticəsində irsi xəstəliyin gizli daşıyıcısı kimi ola bilir və onların hər biri ayrılıqda ailə qurduqda, uşaqlarında irsi xəstə­liyi daşıyan genlər aktivləşərək ağıldankəmlikdən başlamış bir çox irsi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Avropada əmioğlu-əmiqızı arasında nikahlardan doğulan uşaqlardan 15 faizində, dayıoğlu-bibiqızı nikahlarından doğulan uşaqların 13 faizində ağıldankəmlik, daun xəstə­liyi və digər irsi-genetik xəstə­liklər müşahidə edilir. Belə xəstəliklərin əmələ gəlməsinin səbəblərindən biri də erkən evlilik və ya yeniyetmə evliliyidir. Bu evliliyin gənc qadının orqanizminə mənfi təsirləri ona psixo­emosional təsirlərdən başlayır. Yeniyetmə orqanizminin fiziki və hormonal inkişafı tamamlanmadığından hamiləliklərin vaxtından əvvəl pozulması, erkən toksikozların əmələ gəlməsi, dölün bətndaxili hipoksiyası (oksigen çatışmazlığı) və sair kimi hallar gənc ananın sinir-psixoloji vəziyyətini pisləşdirir. Əksər hallarda belə analardan doğulacaq uşaqlarda irsi-genetik xəstəliklərin olması riski yüksəlir. Uşaq doğularkən isə ananın və uşağın doğuş zədələri çox olur. Beləliklə, yeniyetmə hamilə qadınlar risk qruplu qadınlar kimi qeydiyyata alınmalı, tez-tez sahə mama-ginekoloqları tərəfindən müayinə olunmalı, onların ultrasəs, ürəyin kardioqramı və digər müayinələri təşkil edilməlidir.
Belə nikahların yaratdığı fəsadlar bunlarla bitmir. Onlardan biri otozomal resesif xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri isə odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otozomal resesif xəstə­liklər hər nəsildə özünü göstərməz. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqların hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar fenotipik olaraq sağlam olsalar da, xəstə genləri sonrakı nəsillərə ötürmək vəzifəsini yerinə yetirirlər. Xəstə bir uşağın qardaş və bacılarında xəstəliyin yaranma riski 25 faizdir və ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir. Yəni ailədə bir xəstə uşaq olduğu üçün bu risk azalmış deyil.
Bu xəstəliklərdən ən çox rast gəlinənlərdən biri kistik fibrozistdir. Kistik fibrozistdə toxumalarda pozulma və müxtəlif problemlər yaranır. Belə xəstələrin yaşama müddəti orta hesabla 27 ildir. Ən geniş yayılan talassemiya adlı qan xəstəliyidir. O, hemoqlobindəki problemlə bağlı yaranır. Etnik qruplarda talassemiya nisbəti 3-5 faizdir. Böyümə geri qalır və ürək çatışmazlığı yaranır. Müalicə ilə yaşama müddəti 40 yaşa qədər uzadıla bilər.
Kənd əhalisi qanqohumluğu nikahlarına daha çox haqq qazandırır. Lakin bu kimi nikahlar gələcək nəslimizin sağlamlığını sual altında qoyur.
Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol­açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Gələcək ailə cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirəcəkləri övladları haqqında da fikirləşməlidirlər.
– Bu gün muxtar respublikamızda bu istiqamətdə hansı işlər görülür?
– Son vaxtlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən irsi-genetik xəstəliklərin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə muxtar respublikanın məktəblərində qan­qohumluğu və erkən nikahların zərərli nəticələrinə dair maarifləndirici seminarlar aparılır, bu sahədə səhiyyə maarifi işləri gücləndirilir.
Uşaqlar hər bir millətin gələcəyidir. Ona görə də muxtar respublikamızda uşaqların sağlam, milli və mənəvi dəyərlər əsasında gələcəyə hazırlanması diqqət ­mərkəzindədir.
Son olaraq bunu deyək ki, ənənəvi cəmiyyətlərdə bəhs olunan evliliklərə qarşı münasibət müsbət olsa da, modern cəmiyyətlərdə bu, qəbul edilmir. Modern cəmiyyətlərdə qohum evliliyi, əgər arada sevgi yoxdursa, birmənalı şəkildə rədd edilir. Onlarda nikaha daxil olmadan öncə tibbi müayinələr məsələsi gündəmə gəlir ki, bu həm qohum evliliyi, həm də qeyri-evlilikdə sağlam övladın dünyaya gəlməsinin təmin olunması məqsədi daşıyır.
Bəzi insanlar sağlamlıq barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi, dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır. Amma hər bir halda sevgi və ənənələrin gücünün qarşısında müqavimət göstərmək çox çətin olsa da, hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır.

 Fatma BABAYEVA