Muxtar respublikamızda səhiyyənin müasir tələblər əsasında inkişafı təmin edilib. Regionda hər il bir neçə səhiyyə müəssisəsi üçün yeni binalar inşa olunur, tibb ocaqları müasir avadanlıqlarla təchiz edilir. 

Burada əhaliyə tibbi xidmətlər göstərən səhiyyə ocaqlarından biri də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzidir. Mərkəz barədə ilkin məlumatları baş həkim Abasət Hüseyn­əliyevdən alırıq. O deyir:
– Bu səhiyyə ocağı 2007-ci­ ilin iyun ayından fəaliyyətə başlayıb. Mərkəz zirzəmi və 5 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kompüter tomoqrafiyası, nüvə-maqnit rezonans, rentgenoloji müayinə otaqlarından ibarət şüa-diaqnostika və laboratoriya şöbələri, mərkəzə daxil olan xəstələrin qəbulu və lazımi müayinələrə göndərilməsi üçün nəzərdə tutulmuş qəbul otağı, Konsultativ-diaqnostik poliklinika şöbəsinin bir neçə kabinəsi yerləşir. Hemodializ şöbəsi, Konsultativ-diaqnostik poliklinika şöbəsinin digər kabinələri ikinci mərtəbədə fəaliyyət göstərir. Üçüncü mərtəbə cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri, əməliyyat bölməsi üçün ayrılıb. Dördüncü mərtəbədə Kardiocərrahiyyə, kardioreanimasiya şöbəsi, əməliyyat bölməsi, beşinci mərtəbədə isə mərkəzin inzibati heyəti, o cümlədən iclas və konfrans zalları yerləşir.

Baş həkim onu da əlavə edir ki, səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan mərkəzin kadr tələbatı yerli kadrlar tərəfindən ödənilir, hətta bir çox ağır əməliyyatlar burada öz peşəkar həkimlərimiz tərəfindən həyata keçirilir. Bundan əlavə, Bakıdan dəvət olunmuş həkimlər də vaxtaşırı mərkəzdə olur, müxtəlif cərrahi əməliyyatlar həyata keçirirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə mərkəzin həkim briqadaları tərəfindən müxtəlif rayonlarda əməliyyatlar aparılır. Bu yaxınlarda Babək Rayon Mərkəzi Xəstəxanasında 23 əməliyyat həyata keçirilib.
Mərkəzin baş həkiminin müavini Zaur Həsənov isə bildirir ki, Diaqnostika-Müalicə Mərkəzi maddi resurslardan və kadr potensialından səmərəli istifadə edir. Tibb ocağı mərkəzləşdirilmiş funksional, instrumental və başqa tədqiqat metodlarından istifadə etməklə müayinələri həyata keçirən səhiyyə müəssisəsidir. Mərkəzin Cərrahiyyə şöbəsində ümumi cərrahi, neyrocərrahi, plastik cərrahi, ginekoloji, uroloji, travmatoloji, laparoskopik, ortopedik, göz və sair əməliyyatlar həyata keçirilir. Bunun üçün mərkəzdə lazımi şərait yaradılıb.
Bəzi şöbələri gəzmək, onların fəaliyyəti ilə əyani tanış olmaq üçün Zaur həkim məni müşayiət edir. İlk olaraq oftalmologiya kabinəsinə üz tuturuq. Oftalmoloq Məhəmməd Vəliyev bildirir ki, kabinədə diaqnostika və müalicə prosesində ən müasir tibbi üsullar tətbiq edilir. Kabinədə kompüter-tonometr, biomikroskop, oftalmoskop, fakometr, vertikal-horizontal prizmalar, eləcə də digər müasir tibbi avadanlıq və cihazlar qurulub. Hazırda mərkəzdə çalışan yerli həkimlər tərəfindən müxtəlif göz əməliyyatları müstəqil şəkildə həyata keçirilir. Bunlara katarakt (mirvari suyu), burun, göz yaşı kanalı tutulmaları, gözün üst qapağının enməsi (ptoz) və müxtəlif göz travma əməliyyatlarını misal göstərmək olar. Əməliyyatlar uğurla həyata keçirilir. Burada valideyn Hüsniyyə Mərdan­ova ilə rastlaşıb onunla həmsöhbət oluruq. Onun dedikləri:
– Qızım uzağı görmədən əziyyət çəkirdi. Bir ildən artıqdır ki, mütəmadi olaraq onu buraya həkim müayinəsinə gətirirəm. Müalicələr nəticəsində görməsində yaxşıya doğru xeyli irəliləyiş var. Həkimin dediyinə görə, yaşı az olduğundan müalicə düzgün şəkildə davam etdirilsə, qısa zamanda eynəyi birdəfəlik ata bilər.
Hemodializ şöbəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə xidmət göstərilir. Şöbə müdiri Mustafa Əliyev bildirir ki, 6 ildir rəhbərlik etdiyi bu şöbədə hazırda 43 dializ xəstəsinə yardım göstərilir. Onlara həftədə 3 dəfə olmaqla, 4 saatlıq proqramlı hemodializ seansı keçilir. Əlbəttə ki, göstərilən xidmət dövlət hesabınadır. Şöbə 2 növbə ilə işləyir.
Böyrək çatışmazlığından əziyyət çəkən Qəzənfər Vəliyev:
– Kəngərli rayonunun Qarabağlar kəndindənəm. 2007-ci ildən davamlı olaraq seanslarda iştirak edirəm. Bizə qayğı göstərən tibbi personala çox minnətdaram.
Xəstələrə təxirəsalınmaz ambulator və stasionar yardım göstərmək üçün mərkəzdə Təcili yardım şöbəsi də vardır. Burada xəstələrin qəbulu, kiçikhəcmli cərrahi müdaxilələrin aparılması, diaqnozları dəqiqləşdirilənə qədər palatalarda yerləşdirilməsi, onlara təxirəsalınmaz tibbi yardım göstərilməsi təşkil olunur.
Kardiocərrahiyyə, kardioreanimasiya şöbəsinə baş çəkirik. Burada ürək-damar xəstəliklərinin müayinəsi müasir tibbi avadanlıq və cihazlarla, EKQ, ExoKQ, holter monitorinqi, təzyiq holteri, tredmil testi vasitəsilə həyata keçirilir. Eyni zamanda periferik damarların dopler müayinəsi, koronar angioqrafiya, kateterizasiya müayinələri, invaziv ürək, açıq ürək və damar əməliyyatları da icra olunur. Eşitmişdim ki, burada açıq ürək əməliyyatları edilir, həm də öz yerli kadrlarımız tərəfindən. Həmsöhbət olmaq üçün ürək-damar cərrahı Cabir Gülmalıyevə yaxınlaşmaq istəyirəm, lakin bildirirlər ki, həkim hazırda əməliyyatdadır. Nəhayət, əməliyyat başa çatır. Həkimlə görüşürük. Onun dedikləri:
– Artıq bir ildir ki, burada, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində açıq ürək əməliyyatları həyata keçirilir. 2016-cı il may ayının 26-da Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahı İntiqam Fətullayev və anestezioloq-reanimatoloq Şahin Mazanov ilə birlikdə ilk dəfə olaraq müstəqil şəkildə 2 açıq ürək əməliyyatı etmişik. Hazırda kardioloji xəstələrin invaziv müalicələri, açıq ürək-damar, protez qapaqların implantasiyası, damar tıxanıqlığı, aorta cərrahiyyəsi əməliyyatları yerli mütəxəssislər tərəfindən müvəffəqiyyətlə aparılır. Bunun üçün xəstəxana lazımi avadanlıqlarla təchiz olunub. Onu da qeyd edim ki, əməliyyat heyəti tamamilə yerli kadrlardan təşkil edilib. Bu günə qədər xəstəxanada 150-yə yaxın müxtəlif ürək əməliyyatı aparılıb.
Qeyd edək ki, əvvəllər belə mürəkkəb əməliyyatlar üçün xəstələr ­ölkəmizin paytaxtına və digər ünvanlara üz tutmalı olurdularsa, bu gün rahatlıqla muxtar respublikada müalicə ala bilərlər. Eyni zamanda mərkəzdə müasirtipli avtoanalizatorlarla təchiz edilmiş laboratoriyada qanın ümumi və biokimyəvi, orqanizmin maye mühitlərinin tam dəqiq analizlərini, qanın hormonlarının və müasir onkologiyanın son nailiyyəti olan onkomarkerlərin analizini aparmaq mümkündür.
Öyrənirik ki, burada qan xidməti məsələləri də diqqətdə saxlanılır, Qan bankında tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşdirilir.
Avadanlıqlara gəldikdə isə Yaponiyanın “Olimpus” firmasının istehsalı olan endoskopik aparatlarla yuxarı tənəffüs yolları və bronxları, yemək borusu, mədə, onikibarmaq və yoğun bağırsaqları diaqnostik məqsədlə müayinə etmək, bu orqanlarda olan qan­axmanı dayandırmaq, mikroskopik müayinələr aparmaq üçün şübhəli törəmələrdən nümunə götürmək mümkündür. Eləcə də litotriptoz aparatının köməyi ilə böyrəklərdə olan daşlar cərrahi müdaxilə aparmadan ultrasəs dalğaları ilə parçalanıb xaric edilir.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan səhiyyəsi özünün inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında dediyi bu sözləri xatırladaq: “Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə, xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər”.
Tibbin aciz qaldığı xəstəlik çox azdır. Cansağlığı Tanrının insanlara bağışladığı gözəl nemət, dəyərli hədiyyədir. Heç bir xəstə ağırlaşacağı, yaxud da öləcəyi düşüncəsi ilə xəstəxanalara üz tutmur. Əksinə, vəziyyətinin yaxşı olmadığını bilsə belə, bir gün sağalacağı ümidi ilə həkimlərə müraciət edir. Çünki can şirindir. Xəstənin içində kök salan o kiçik ümid toxumu zamanla cücərir və bir çox hallarda onun sağalmasında müəyyən rol oynayır. Arzu edirik ki, heç kimin yolu xəstəxanalara düşməsin, amma işdi, elə bir şey olarsa belə, ümid edin, əmin olun ki, milli səhiyyəmizin bugünkü inkişaf səviyyəsi, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müasir səhiyyə ocaqlarımız, ən əsası isə burada çalışan peşəkar həkimlərimiz və tibbi personal sayəsində yenidən öz sağlamlığınıza qovuşacaqsınız.

 Fatma BABAYEVA