Muxtar respublikamızda yenə bostan məhsulları bolluğudur. Torpaq mülkiyyətçiləri üçün yaradılmış şərait öz bəhrəsini verir. Bazar və yarmarkalarda, ticarət şəbəkələrində, yol kənarlarında qovun-qarpız həm alıcı üçün, həm də satıcı üçün əlverişli qiymətə satılır. Alan da razıdır, satan da. Bununla yanaşı, unutmaq olmaz ki, bostan məhsulları ilə düzgün qidalanma sağlamlığın başlıca şərtidir. Bu sahədə əhalinin maarifləndirilməsinin zərurətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi Reanimasiya şöbəsinin bölmə müdiri Leyla Əsgərova ilə həmsöhbət olduq:

–Leyla həkim, indi yay süfrəsini qarpızsız təsəvvür etmək olmur. Düzgün qidalanmada qarpızın rolu nədən ibarətdir?

– Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız su (çəkinin 80 faizinə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara da heç bir mənfi təsir göstərmir.

Qarpız insan orqanizmini daxildən, sözün tam mənasında, “yuyur”, bu səbəbdən ürək-damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır. Qarpız şirəsi qaraciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün də kömək edir. Onun tumları bağırsaqları qurdlardan təmizləyir. Tərkibində maqnezium mikroelementinin miqdarına görə qarpız badamdan sonra ikinci yeri tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqin artmasına gətirib çıxarır. Bundan əlavə, maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir. Maqneziumdan əlavə, qarpız kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün çox vacibdir.
Qarpızda dəmir mikroelementi də vardır. Bu səbəbdən qarpız qan­azlığından əziyyət çəkən insanlara yaxşı kömək edir. Arıqlamaq istəyənlər qarpız yeyə bilərlər. Qarpızda kalorinin az olmasına baxmayaraq, o, tez bir zamanda insanda toxluq hissi yaradır.

– Qarpız həm də damarları aterosklerozdan qoruyur.

– Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. ABŞ-da aparılan tədqiqatlar göstərir ki, qarpız aterosklerozun (ürək-damar sistemi xəstəliyi) inkişaf riskini azaldır. Bu, arteriyaların divarlarının bərkiməsi və onların elastikliyinin itməsinin xarakterik olduğu və sonradan orqanların qanla təchiz olunmasının pozulduğu xroniki xəstəlikdir.

– Xeyirli cəhətlərinə baxmayaraq, qarpızın həddindən artıq yeyilməsi xoşagələn nəticələr vermir.

– Həqiqətən də, düzgün seçilməmiş qarpız insanın səhhəti üçün təhlükəli ola bilər. Zəhərlənmələrin səbəbi isə ondan ibarətdir ki, qarpız yetişdirilməsi zamanı tez-tez nitrat tərkibli gübrələrdən istifadə olunur. Bu nitratlar insanların, xüsusən də uşaqların orqanizmi üçün təhlükəlidir. Genetik modifikasiyaya uğramış qovun-qarpızın xeyrindən çox zərəri vardır. Daxili bazarın belə məhsullardan qorunması həm də əhalinin sağlamlığının qorunması deməkdir. Qeyd olunmalıdır ki, mövsümün indiki qaynar çağında bostan-tərəvəz məhsullarından zəhərlənmə hadisəsinə görə bizim mərkəzə müraciət edənlərin sayı ildən-ilə azalır. İyul ayının ötən günlərində qarpızdan zəhərlənmə ilə bizim mərkəzə cəmi 12 nəfər müraciət etmiş və ambulator müalicə alaraq evə buraxılmışdır. Qarpızdan lazımi qədər istifadə edilməsi məsləhətdir. “Xeyirdir”, – deyə həddindən artıq qəbul etmək olmaz. Bu, iri böyrəkdaşı olan xəstələrdə narahatlığa gətirib çıxarır. Qarpızı çox vaxt yeməkdən sonra qəbul edirik. Bu, düzgün deyil. Yeməkdən dərhal sonra yeyilən qarpız köp əmələ gətirir. Xeyirli xüsusiyyətlərinin daha çox hiss olunması üçün qarpızı, əsasən, acqarına yemək məsləhətdir. Ona görə də onu yeməkdən ya çox əvvəl, ya da çox sonra qəbul etmək lazımdır.

– Ekoloji cəhətdən saf, orqanizm üçün faydalı ­qarpız seçərkən nələri bilmək lazımdır?

– Bunun üçün bizim məsləhətlərimizdən istifadə edə bilərsiniz:
-qarpızı iyunda-iyulda yox, avqust-sentyabr aylarında almaq lazımdır;
-yaxşı qarpız Günəş şüalarının altında parıldayır;
-qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilər;
-qarpız alanda heç bir halda onu kəsdirməyin;
-qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə çox böyük olarsa, deməli, bu qarpıza Günəş şüaları çatmayıb və bunun dadı da yaxşı olmayacaqdır;
-qarpızı seçəndə orta ölçüyə ­­(5-7 kiloqram) üstünlük verin;
-qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.

Hüseyn ƏSGƏROV