Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. 

Son illərdə insanlar arasında ürəyin işemiyası, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranması artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin artması və siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adinamiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqrenası kimi ağır xəstəliklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il mayın 1-dən 56-60, 100 və yuxarı yaşlı əhalinin, həmçinin Azərbaycanın müdafiəsi uğrunda əlil olan vətəndaşların kütləvi müayinə tədbirləri, dispanserizasiyası aparılır.

Müayinələr Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilir. Ehtiyac olan hallarda xəstələrə yüksək­ixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilir. Müayinə olunanlarda qanda xolesterinin təyin edilməsi üçün mərkəzi rayon xəstəxanalarına və Naxçıvan Şəhər Poliklinikasına portativ cihazlar verilib və stript testi ilə təmin edilib.
Şahbuz rayonunda aparılan müayinələr öz mütəşəkkilliyi ilə diqqəti cəlb edir. Hazırda müayinələr zonalar üzrə aparılır. Artıq Şahbuz şəhərində, Kükü, Biçənək, Ağbulaq, Gömür, Türkeş və Badamlı kəndlərində yerləşən həkim ambulatoriyaları və feldşer-mama məntəqələri üzrə 56-60 yaşlı əhalinin 196 nəfəri müayinədən keçirilib, onların hər birində xolesterinin miqdarı müəyyən edilib və lazımi tibbi göstərişlər verilib. Müayinələr həftə ərzində Keçili və Külüs kəndlərində davam etdiriləcəkdir.
100 və yuxarı yaşlı əhalidən Kolanı kəndində 1911-ci il təvəllüdlü Səyyad İmamquliyeva, Külüs kəndində 1912-ci il təvəllüdlü Küsün Quliyeva, Şahbuz şəhərində 1909-cu il təvəllüdlü Ceyran Qafarova həkimlərin şəfqəti ilə əhatə olunublar. Rayonda Azərbaycanın müdafiəsi uğrunda əlil olan 21 nəfər qeydiyyatdadır. Onların 14 nəfəri profilaktik tibbi müayinədən keçirilib.
Bütövlükdə, 56-60 yaşlı əhalinin muxtar respublika üzrə qeydiyyatda olan 9 min 726 nəfərindən iyul ayı ərzində 3 min 554 nəfəri tibbi müayinədən keçirilib, onların 731 nəfərində xolesterin müayinəsi aparılıb, 397 nəfər qeydiyyata alınıb.
16 nəfər 100 və yuxarı yaşlı vətəndaşın siyahısı hazırlanaraq profilaktik tibbi müayinələrə cəlb edilib. Azərbaycanın müdafiəsi uğrunda əlil olan 351 nəfərdən 311-i dispanserizasiyadan ­keçirilib.
Risk qrupuna daxil olan əhalinin kütləvi müayinələrinin noyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Hüseyn ƏSGƏROV