Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi regionun vacib səhiyyə obyektlərindən biridir. 2009-cu ildə yeni binaya köçürülən bu mərkəzdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb.
Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mammoqrafiya aparatları, onkoloji xəstəliklərin diaqnostikasında əsas rol oynayan, onkomarkerlər təyin olunan histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Mərkəzdə, həmçinin sümük-oynaq, yumşaq toxumalar, ağciyər və digər orqanların xəstəliklərinin diaqnostikası üçün rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin “ROKS-AM” aparatı vasitəsilə aparılması təmin olunub. Onkoloji xəstəliklərin diaqnostika və müalicəsinin yüksək səviyyədə təşkil olunması üçün tədbirlər cari ildə də davam etdirilib, Ali Məclis Sədrinin tapşırığı ilə müasir standartlara tam cavab verən qısaməsafəli rentgen terapiya aparatı alınaraq Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə gətirilib və aparılan quraşdırma işlərindən sonra dünən istifadəyə verilib.
Aparat 5 santimetr dərinliyə nüfuz­etmə qabiliyyətinə malikdir və bu məsafədə olan bütün xərçəng hüceyrələrini məhv edir. Xüsusən bu avadanlıqdan qadınlarda süd vəzi xərçənginin, limfatik vəzlərin metastazı zamanı, dəri xərçənginin və bir sıra onkoloji xəstəliklərin müalicəsində tətbiq olunacaqdır. Avadanlıq İngiltərə istehsalıdır və dünyanın qabaqcıl səhiyyə müəssisələrində geniş istifadə edilir.
İxtisaslı kadrla təmin olunmuş qısaməsafəli rentgen terapiya kabinəsinin fəaliyyətə başlaması onkoloji xəstələrin müalicəsində mühüm yer tutacaqdır. Belə ki, rentgen terapiya almaq üçün xəstələr əvvəllər Bakı şəhəri və ya qonşu ölkələrə üz tuturdularsa, artıq bu avadanlıq vasitəsilə Onkoloji Mərkəzdə müalicə alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti