Həmişə hal-əhval tutduğumuz insanlardan biri ilə təsadüfən yolda qarşılaşırıq. O, qulağında qulaqcıq bizə doğru yaxınlaşır və jest, yaxud da başı ilə bizə salam verib yanımızdan ötüb keçir. Görünür ki, dinlədiyi musiqidən ayrılmaq istəmədiyindən, ayaq saxlayıb həmişəki kimi bizimlə görüşmür. Əminəm ki, bir çoxları gündəlik həyatda belə hadisələrlə qarşılaşıb. Ən azından bir dəfə...

Hər yaşdan olan insanların, xüsusən gənclərin bu gün ən yaxın “dostu”, eyni zamanda da “düşməni” bəhs etdiyimiz həmin qulaqcıqlardır. Onlardan müntəzəm istifadə edən insanlarda alışqanlıq yaranır. Hətta bəzi insanlar vacib əşyaymış kimi, qulaqcıqsız evdən çıxmır, onları çantalarından əskik etmirlər...

Xeyrindən çox ziyanı olan qulaqcıqlardan yolda, dayanacaqda, avtobusda, həmçinin evdə belə, musiqi dinləmək üçün istifadə edən insanların sayı günbəgün artır. Bəzən düşünürük ki, kiçik bir əşyadan nə ziyan gələ bilər? Amma araşdırmalar göstərir ki, qulaqcıqlar, əslində, qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur.

Qulaqcıqların səhhətimizə, xüsusilə də eşitmə qabiliyyətimizə vurduğu ziyanla bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Burun-boğaz-qulaq şöbəsinin müdiri Fərman Novruzov ilə həmsöhbət olduq. Fərman həkim dedi ki, müasir dövrdə, xüsusilə gənclərin istifadə etdiyi qulaqcıqlar eşitmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri daha çoxdur. Belə ki, yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Eşitmə orqanımız müəyyən həddə kimi səsi qəbul edə bilir. Həddən artıq səs tonu qulağımıza akustik travma verir. Eyni zamanda eşitmə sinirində yorulma halları da olur. Avtomobil idarə edərkən, yolda gedərkən, yaxud da istirahət zamanı qulaqcıqlarla mahnı dinləyərək özümüz də bilmədən eşitmə sinirini yoruruq. Bundan əlavə, onlar xarici qulaq keçəcəyində yerli iltihab prosesləri də yarada bilər. Qulaqcıqları stolun üstündə qoyuruq, yerə düşür və bu şəkildə götürüb ondan istifadə edirik. Yaxud da ondan yalnız özümüz yox, yeri gələndə dost-tanışımız da yararlanır. Bu səbəblərdən infeksiya xarici qulaq keçəcəyinə daxil ola bilər ki, bu da göbələk xəstəliklərinin yaranmasına gətirib çıxarar. Ümumiyyətlə, qulaqcıqlardan həddindən artıq istifadə eşitmə qabiliyyətimizi zəiflədir. Buna görə də insanlar ondan mümkün qədər az istifadə etməlidirlər.

Şöbə müdirinin sözlərinə görə, keyfiyyətsiz qulaqcıqlardan uzun müddət istifadə etmək eşitmə zəifliyinin yaranmasına səbəb olur. Həmin qulaqcıqlarda səs bir tərəfdə daha zəif, ikincisində olduqca güclü olur, amma orijinal qulaqcıqlarda belə problemlə rastlaşılmır. Hər iki tərəfdə səs səviyyəsi eyni olduğundan baş ağrısı vermir və musiqi beyni qıcıqlandırmır. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir ki, bu da çox yanlışdır. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı o qədər çoxdur. Sutka ərzində 50-60 dəqiqə bəzi şərtlərə riayət etməklə qulaqcıqdan istifadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Ondan istifadə zamanı səs gücünü 50 faizdən yuxarı qaldırmaq olmaz.

Həkim məsləhətindən də aydın olur ki, qulaqcıqlara gündəlik istifadə etdiyimiz zərərsiz əşya kimi yanaşmaq düzgün deyil. Onlar bizim sağlamlığımıza bilavasitə öz təsirini göstərən çox ziyanlı vasitələrdir. Qulaqcıqların tibbi, eyni zamanda da psixoloji fəsadları var. Bununla bağlı psixoloq Şahnaz Məmmədlinin fikirlərini diqqətinizə çatdırırıq. O deyir ki, insan günün müəyyən saatlarında musiqiyə qulaq asmalıdır. Bəzən musiqiyə qulaq asarkən kimsəni narahat etməməyə

çalışırıq ki, bu zaman da qulaqcıqlar köməyimizə çatır. Bundan əlavə, könülsüz iştirak etdiyimiz bir məclisdə də qulaqcıqları qulağımıza taxıb, ətraf aləmdən təcrid olunaraq öz dünyamıza qapılırıq. Ancaq unuduruq ki, qulaqcıqların ziyanlı tərəfləri az deyil. O, ilk növbədə, insanda əzginlik, yorğunluq yaradır. Xüsusən bu cür hallar eynitipli musiqiyə qulaq asanda baş verir. Bu, həmçinin əhval-ruhiyyəyə də təsir göstərir. Eləcə də bədbin və ya şən musiqiyə qədərində qulaq asmaq lazımdır. Həddindən çox və yüksək səslə musiqiyə qulaq asdıqda bu, insanın səhhətində problemlər yaradır.

Məsələn, idman edərkən, ya da gəzintiyə çıxarkən ritmik musiqilərdən istifadə etmək mütləq şərtdir. Çünki idman zamanı etdiyimiz hərəkətlər onunla harmoniya təşkil etməlidir. Ağır templi musiqiyə qulaq asaraq idman etmək mümkün deyil. Əgər ki, bir insan qulağında qulaqcıq həzin bir mahnı ilə idman hərəkətləri edirsə, onun bir faydası olmur. Çünki həmin anda insan idman etdiyini unudur və bütün fikri mahnının onda yaratdığı düşüncələrdə, xəyallarda kilidlənib qalır. Bu zaman o, fiziki işdən çox zehni iş görür.

Psixoloqun sözlərinə görə, düzgün seçilmiş musiqi bizim hərəkətlərimizi də sürətləndirəcək. Lakin dərsdə, yaxud da səhər-səhər işə gedərkən yolda qulaqcıq vasitəsilə asta, həzin musiqilər dinləmək bizim ruhi halımıza mənfi təsir edərək gün ərzində görüləcək işlərimizin ləngiməyinə səbəb ola bilər.

Bəzən insanlar boş vaxtında qulaqcıqla mahnıya qulaq asır və istirahət etdiyini düşünür, lakin belədə onlar, sadəcə, zehinlərini yorurlar. Bu da insanın psixoloji ruhdan çıxa bilməməsinə səbəb olur.

Qulaqcıqlar insanlarla ünsiyyətə də maneçilik törədir. Məsələn, ekskursiyalarda yol aldığımız mənzilə çatmaq üçün müəyyən qədər vaxt lazım gəlir. Dəfələrlə müşahidə etmişik ki, tələbələr bu vaxt ərzində bir-birləri ilə söhbət etməkdən, ünsiyyət yaratmaqdansa, hərəsi qulağına bir qulaqcıq taxıb musiqi dinləyir. Eləcə də ekskursiyadan qayıdanda onlar gedib-gördükləri yer haqqında müzakirə aparmaqdansa, yenə də qulaqcıqlara üz tuturlar.

Qulaqcıqların səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsiri barədə bir qədər məlumatlansaq da, iş bununla bitmir. Gündəlik həyatımızda onun fəsadları ilə, demək olar ki, hər gün qarşılaşırıq. Danılmazdır ki, gənclər qulaqcıqdan istifadə etdikləri üçün çox zaman yol hərəkəti qaydalarını pozurlar. Yüksək səslə musiqi dinləyən insan başqa aləmdə olur. Dinlədiyi musiqidən asılı olaraq zehnində fərqli düşüncələr kök salır və özü də istəmədən musiqinin təsirinə qapılaraq ondan ayrıla bilmir, cəmiyyətlə bütün əlaqəsini kəsir, səs eşitmir, gözləri görsə də, beyni gördüklərini qavrayıb, dərk etmir. Avtomobilin səs siqnalını eşitməyəndə isə xoşagəlməz yol qəzaları ilə qarşılaşır. Deməli, biz səhlənkarlıq edərək qulaqcıqdan lazımsız yerdə istifadə etdiyimiz zaman öz həyatımızı da təhlükə altına atmış oluruq.

 Fatma BABAYEVA