Xəbər verdiyimiz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq iyulun 28-də tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 19 uşaq və onları müşayiət edən 9 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.

Avqustun 2-də acarıstanlı uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Buna görə də regionda tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında isə Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində acarıstanlı qonaqlara burada nümayiş etdirilən, eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında məlumat verilib.
Qonaqlar çay süfrəsinə dəvət olunublar.
Acarıstanlı uşaqlar daha sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub, mərkəzin Texniki yaradıcılıq və Bədii şöbələrinin “Bacarıqlı əllər”, “Bədii tikmə”, “Toxuma” və “Dekorativ-tətbiqi sənət” dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Naxçıvanla tanışlıq acarıstanlı qonaqlarda zəngin və maraqlı təəssürat yaradıb. Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, həkim Marika Xalvaşi qəzetimizə müsahibəsində təəssüratlarını belə bölüşüb: “Əvvəlcə mən öz adımdan və bura gəlmiş uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımızı bildirirəm. Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsilə mütəmadi maraqlanırlar. Artıq bizim uşaqlar bir neçə gündür, buradadırlar və müalicənin effektini görməkdəyik. Müalicə üçün gözəl şərait yaradılıb. Eyni zamanda burada olduğumuz günlərdə uşaqların şəhərlə tanışlığı da nəzərə alınıb. Təşkilatçılıq çox yüksək səviyyədədir. Artıq bir neçə muzeydə olub, şəhərin tarixi məkanları haqqında məlumat almışıq. Şəhərinizin qədimliyi və gözəlliyi çox xoşumuza gəldi”.
Acarıstandan gəlmiş valideyn Dali Kekieşvili də söhbətə qoşularaq dedi: “Naxçıvana ilk dəfədir ki, gəlirəm. Çox maraqlı yerdir. Şəhərinizin qədimliyi, müasirliyi, təmizliyi insanı valeh edir. Mən oğlumun müalicəsi üçün bura gəlmişəm. Bu işin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”.
Acarıstan Muxtar Respublikasından müalicə üçün Naxçıvana gəlmiş uşaqlar da onlar üçün burada yaradılmış şəraitdən, göstərilən qayğıdan razıdırlar. Beka Bolkvadze 8-ci sinif şagirdidir. Onun dediklərindən: “Naxçıvana ilk dəfədir ki, gəlirəm. Duzdağ Fizioterapiya Mərkəzi çox mükəmməl yerdir. Xəstələrin müalicəsi üçün burada gözəl şərait yaradılıb. Bura gədiyimiz ilk gündən özümü yaxşı hiss etməyə başlamışam. İnanıram ki, burada tam müalicə olunacağam”.
İrakli Turmanidze isə 10-cu sinif şagirdidir. O da təəssüratlarını bizimlə bölüşdü: “Naxçıvan haqqında eşitmişdim. Burada müalicə almaq üçün qrupa yazıldığımı öyrənəndə çox sevindim. Bizə məlumat verdilər ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri hər il yuxarı tənəffüs yolları xəstəlikləri olan uşaqların burada müalicəsini təşkil edir. Buna görə də çox minnətdaram. Arzu edirəm ki, sağlamlığa ehtiyacı olan digər uşaqlar da bu imkandan yararlana bilsinlər”.
Beşinci sinif şagirdi Nini Davitadze də Naxçıvana gəldiyi üçün çox sevinclidir: “Başqa ölkələrdə olmaq mənim üçün çox maraqlıdır. Naxçıvanı bəyəndim. Burada bizə lazımi qayğı göstərirlər, uşaqlarla maraqlanırlar. Yeni dərs ilində Naxçıvanla bağlı xoş təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.
Qeyd edək ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin ildən etibarən müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələri genişlənib. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

 Səbuhi HƏSƏNOV