Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Yod və uşaq orqanizmi ” adlı kitabı oxuculara təqdim olunub.
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə qeyd olunur ki, hər bir xalqın, dövlətin, ailənin ən böyük və qiymətli sərvəti uşaqlardır. Cəmiyyətin ən həssas və zərif üzvü olan uşaqların sağlamlığının qorunması onların hərtərəfli fiziki və əqli inkişafları üçün zəmin yaradır. Lakin həyatda elə element və mikroelementlər var ki, onlar da uşaqların sağlam böyüməsində böyük rol oynayır. Həmin elementlərdən biri olan yod uşaq orqanizmində bir çox faydalı funksiyaları yerinə yetirir. Qalxanvarı vəzin hazırladığı hormonlarda iştirak edir, çoxalma, boy artımı, maddələr mübadiləsi, hemoqlobinin qanda miqdarının normal səviyyədə saxlanması və digər proseslərdə çox mühüm rol oynayır.
Kitabda yod çatışmazlığının aradan qaldırılması yollarından bəhs olunur. Bildirilir ki, bu problemin həllində yodun qida ilə qəbulu əsas şərtdir. Buna nail olmaq üçün yodlaşdırılmış duzdan və yodla zəngin qidalardan istifadə etmək lazımdır. Muxtar respublikamızda duzun yodlaşdırılması sənaye üsulu ilə aparılır. Duzun tərkibində yodun miqdarına Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən daim nəzarət edilir.
Kitabda “Yod çatışmazlığının fəsadları”, “Hipotiteozun, kretinizmin əsas əlamətləri”, “Yod çatışmazlığının uşağın müxtəlif inkişaf dövrlərində klinikası” və digər bölmələr diqqəti cəlb edir.

Metodik vəsait müəllifin uzun illərin pediatrik təcrübəsi, müşahidəsi və müxtəlif tibbi ədəbiyyatlardan istifadəsi nəticəsində ərsəyə gəlmişdir. Hər bir ana üçün stolüstü kitab olacaq bu vəsaitdən Naxçıvan Tibb Kollecinin və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri də istifadə edə bilərlər.
Metodik vəsaitin məsləhətçisi Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrin xəstəliklər şöbəsinin müdiri Aysel Dünyamalıyeva, elmi redaktoru tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayevdir. Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının qərarı ilə çap olunmuşdur.

Hüseyn ƏSGƏROV