Tibb fakültəsində keçirilən məzun günündə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 13-cü məzun gününün keçirilməsinin əlamətdar tarixə – universitetin 50 illik yubileyinə və ali təhsil ocağının ölkəmizin ali məktəblərinin reytinq cədvəli üzrə birinci yerə layiq görüldüyü ilə təsadüf etməsi fərəhləndirici haldır.
Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. O, tələbələri, onların üzərində böyük əməyi olan valideyn və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində Naxçıvan Dövlət Universitetinin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

Universitetin Tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxışında qeyd edib ki, fakültənin təməli 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin nəzdində yaradılan pediatriya ixtisası ilə qoyulub. Hazırda fakültədə 412 tələbə təhsil alır ki, onların da 73 nəfəri xarici ölkə vətəndaşıdır. Bu il Tibb fakültəsinin müalicə işi ixtisası üzrə 21, stomatologiya ixti­sası üzrə 16, tibbi profilaktika ixtisası üzrə 13, əczaçılıq ixtisası üzrə ­16 nəfər məzunu olur.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxışında gələcəyin həkim kadrlarının yetişməsində universitetin rolunu yüksək qiymətləndirərək muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Nazir məzunlara cansağlığı, xoşbəxt gələcək, daim insanların sağlamlıqlarının keşiyində inamla dayanmağı arzulayıb.
Valideynlər adından Arzu İlyaslı, tələbələr adından fakültənin 6-cı kurs tələbəsi Sarita Qənbərli məzunları təbrik ediblər.
Sonra əczaçılıq ixtisasının məzun tələbələri əczaçı andının, digər ixtisaslar isə müqəddəs Hippok­rat andının qəbulu mərasiminə qatılıblar.
Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.
Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

Səadət ƏLİYEVA