İyunun 17-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkimlərinin iştirakı ilə “Onkoloji xəstə­liklərin müayinə və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbir iştirakçılarını 17 iyun – tibb işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri mütəmadi olaraq muxtar respublikanın bölgələrində profilaktik müayinələr aparırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadasının iyunun 15-dən 17-dək Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbi aksiya keçirməsi də muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Niyazi Novruzov konfransın işinə uğurlar arzulayıb.
Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi” mövzusunda çıxışında əvvəlcə ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi­-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb.
“Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident ­İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi avadanlıqlarla, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib”, – deyən Əziz Əliyev bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyyə korpusunun və 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında birinci vitse-prezident Mehriban Əliyevanın böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda butipli ilk və yeganə tibb müəssisəsidir.
Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi bu gün akademik Cəmil Əli­yevin rəhbərliyi altında uğurla fəaliyyət göstərir. Dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə olunan mərkəz Ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir.
Diqqətə çatdırılıb ki, mərkəzə müraciət edən xəstələrin sayı hər il daha da artmaqdadır. Təkcə 2016-cı ildə 91 minədək xəstə bura müraciət edib, onlardan, təxminən, 31 mini onkoloji xəstə kimi qeydiyyata alınıb. 60 min nəfərin isə qeyri-onkoloji xəstə olduğu müəyyənləşib. Həmin il mərkəzdə 4 minədək uğurlu cərrahiyyə əməliyyatı aparılıb.
Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu deyib ki, hazırda şöbədə qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqek­tomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün “Provoks” səs bərpa sistemi və ya protezi tətbiq olunur. “Provoks” protezindən hava xəstəyə birbaşa traxestoma ilə yox, protezin süzgəcləri vasitəsilə daxil olur. Buna görə də xəstədə ağciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə, xəstə özünü yaxşı hiss edir, rahat, sərbəst şəkildə doğma­ları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 3 ildir tətbiq edilən bu cərrahi əməliyyat tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.
Daha sonra konfransda mərkəzin həkimlərinin “Xərçəng xəstəliyinin profilaktikası”, “Qalxanabənzər vəzi xərçənginin erkən diaqnostikasında incə iynə biopsiyasının rolu”, “Onkourologiyada minimal invaziv cərrahi üsullar”, “Onkoloji diaqnostika yeni era: PET-KT”, “Onkologiyada invaziv radiologiyanın rolu”, “Magistral damarların rezeksiyası ilə törəmələrin çıxarılması”, “Süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsulları”, “Uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanması metodları”, “Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə üsulları” mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışlar maraqla qarşılanıb.
Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq olunan yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar ­cavablandırılıb.
Tədbir iştirakçılarına akademik Cəmil Əliyevin və professor İsa İsayevin “Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi və nəticələri” adlı kitabı və xərçəng xəstəliyinin yaranmasına səbəb olan amilləri, onun diaqnostikasını, cərrahi müalicəsini əks etdirən kitabçalar və broşürlər paylanılıb.

Əziz Əliyev: Naxçıvandakı səhiyyə müəssisələrində
ən mürəkkəb əməliyyatların aparılması üçün bütün şərait var

Naxçıvandakı səhiyyə müəssisələrində ən ağır və mürəkkəb əməliyyatların aparılması üçün hazırda bütün şərait mövcuddur. Naxçıvanlı həkimlərin bilik səviyyəsi və burada onkologiya sahəsində vəziyyət qənaətbəxşdir.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev deyib.
O bildirib: “Biz çalışacağıq ki, naxçıvanlı həkimlərlə ildə 2-3 dəfə təcrübə mübadiləsi aparaq. Milli Onkologiya Mərkəzinin həkimləri Naxçıvana gələcək, naxçıvanlı ­həkimlərlə birlikdə əməliyyatlar aparacaqlar. Naxçıvanlı həkimlər də Bakıya gələrək təcrübələrini artıracaqlar”.
Əziz Əliyev qeyd edib ki, Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyətinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən konfrans da təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub: “Biz bu sahədə təcrübə və informasiya mübadiləsini müzakirə etdik və onkoloji xəstəliklərdə erkən diaqnostikanın vacibliyini diqqətə çatdırdıq. Bundan başqa, iki gün ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstələri müayinə etdik və cərrahi əməliyyatlar apardıq. Həmin əməliyyatlar uğurla nəticələndi”.
Professor bildirib ki, Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il onkoloji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar keçirilir. Respublikanın kliniki və eksperimental onkologiya, şüa diaqnostikası və şüa terapiyası ixtisasları üzrə aparıcı mütəxəssislərinin böyük əksəriyyəti bu mərkəzdə cəmləşib.

 Rauf KƏNGƏRLİ