Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılmasının, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsinin, infrastrukturun yenidən qurulmasının digər sahələr kimi, endo­krinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaratdığını bildirib.

Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən “Bakı” klinikasının endokrinoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Rauf Cabbarovun “I və II tip şəkərli diabet xəstəliyi və onun müalicəsi”, Bakı şəhəri Mərkəzi Dənizçilər Xəstəxanasının Endokrinoloji xəstəliklər şöbəsinin müdiri Nazim Rüstəmovun “II tip şəkərli diabet xəstələrində insulin terapiyası”, Sumqayıt şəhərinin baş endokrinoloqu Vahid Kərim­ovun “Şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Naxçıvan Muxtar Respublikasında şəkərli diabet xəstəliyinin epidemiologiyası” mövzularında məruzələri dinlənilib.
Mütəxəssislər şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər. Bildirilib ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il qeydə alınan ölüm hallarının 5 faizi bu xəstəlik nəticəsində baş verir. Odur ki, xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi, Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti