Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Şərur Rayon Mərkəzi Xəstəxanasında aktiv vərəmi aşkar etmək üçün Diaskintest (dəri içi allergik sınaq) müayinə üsuluna dair seminar keçirib. 

Tədbiri giriş sözü ilə dispanserin baş həkimi İlqar Rzayev açıb. Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması, xəstəliyin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışıb. İlqar Rzayev xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatından, ilk tibbi yardım müəssisələrinin vərəm xəstəliyinin erkən aşkarlanmasında və müalicəsində rolundan, Naxçıvan Muxtar Respublikasında vərəmin müayinə və müalicəsi üçün görülən işlərdən ətraflı bəhs edib. O, Diaskintest allergik müayinə üsulu haqqında məlumat verərək diqqətə çatdırıb ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan hər il 1,6 milyon insanın həyatına son qoyur. Lakin bu mübarizəni bir an belə dayandırmadan xəstəliyin qarşısını almaq mümkündür. Müasir dünya səhiyyəsində tətbiq edilən Diaskintest müayinə üsulu xəstəliklə mübarizədə yeni mütərəqqi metodlardan biridir. Vərəmin müayinə və müalicəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq da vacibdir.
Dispanserin bakterioloji laboratoriyasının şöbə müdiri Səbuhi Məmmədov laboratoriyanın fəaliyyəti və apardığı yeni müayinə üsulu barədə məlumat verib. Sonra bu müayinə üsulunun tətbiqi üçün təlimatlar, vərəmin profilaktikası barədə bukletlər paylanılıb.
Çıxışlar slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin davamı olaraq Şərur rayonunda vərəmə görə monitorinqlərə başlanılıb. 6 kənd məktəbinin şagirdlərinə Diaskintest sınaqları qoyulub. Xəstəliyə yoluxma ehtimalı olan şagirdlərin Şərur Rayon Mərkəzi Xəstəxanasında, zəruri halda isə Ağciyər Xəstəlikləri Dispanserində təkrar müayinədən keçməsi məsləhət görülüb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti