Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakterli tibbi yoxlamalar aparır.
Bütövlükdə, muxtar respublika üzrə 40 min 349 şagird tibbi müayinələrə cəlb olunub. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri ilə dispanserizasiya barədə söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçirilərək qruplaşdırılıb.
Müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. Şagirdlər ixtisas həkimi tərəfindən yoxlanılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən isə bu il Naxçıvan şəhərindəki tam orta məktəblərin 11 min 745 şagirdi yaz mövsümünün tibbi müayinələri ilə əhatə edilib. 1769 nəfər dispanser qeydiyyatına götürülüb. Onlar Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunub, daha ətraflı və dərin müayinədən keçirilib, xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti