Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Aprelin 17-dən start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri beş gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verənin kod nömrəsi əksini tapıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan sual­larının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda 112 orta tibb işçisi iştirak edib. Sualların test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 69 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 43 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti