Aprelin 20-21-də Naxçıvan Muxtar Respublikası Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında ikigünlük kompleks mülki müdafiə təlimi keçirilib.Tədbirdə mülki müdafiə qərargahının, ilk tibbi yardım dəstəsinin, ixtisaslaşdırılmış həkim yardım briqadalarının və obyekt mülki müdafiə dəstələrinin şəxsi heyətləri iştirak ediblər.
Xəstəxananın baş həkimi, mülki müdafiə rəisi Əli Ələsgərov səhiyyə müəssisəsində mülki müdafiə işinin təşkili sahəsində görülən işlərdən, ilk tibbi yardım dəstəsinin, cərrahların, mülki müdafiə qərargahının, yanğınsöndürmə, rabitə, xilasetmə, təxliyə, mühafizə, sığınacaqlarda xidmət manqalarının, radiasiya-kimya müşahidə postunun normal işi üçün yaradılan şəraitdən danışıb.
Təlimin rəhbəri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov bildirib ki, iki mərhələdə keçirilən kompleks mülki müdafiə təlimində əsas məqsəd Naxçıvan Muxtar Respublika Xəstəxanasının mülki müdafiə planında çatışmazlıqları müəyyən etmək və onların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, təbii və texnogen xarakterli fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan tibb qüvvələrinin hazırlığını yoxlamaqdır. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası ilə digər dövlət orqanlarının qarşılıqlı əlaqəsinin təşkilini təmin etmək də qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov rəhbərlik edib.
Təlimdə həkim və orta tibb işçilərinin nəzəri bilikləri yoxlanılmaqla yanaşı, şərti şərait üzrə yaradılan vəziyyətlərdə, çöl-səhra şəraitində həkiməqədərki yardımın, tibbi təxliyə mərhələlərində və ixtisaslaşdırılmış həkim yardımlarının göstərilməsi, həmçinin radioaktiv, kimyəvi, bioloji (bakterioloji) zəhərlənmələr zamanı xəstəxanada görüləcək tədbirlər praktik olaraq yerinə yetirilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti