Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi ilə dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyinə dair birgə maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və dərman vasitələrinin reyestri sektorunun müdiri Hacı Əliyev “Dərman vasitələrinin dövriyyəsi, saxta dərman preparatlarının muxtar respublikaya gətirilməsinin qarşısının alınması”, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Beytulla Fərəcov “Dərman vasitələrinin dövriyyəsində yol verilən qanun pozuntuları”, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Anar Hacıyev “Psixotrop dərman vasitələrinin dövriyyəsi” mövzularında çıxış ediblər.
Tədbirdə əczaçılıq fəaliyyətinin “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunları və digər normativ-hüquqi aktlar əsasında tənzimləndiyi bildirilib. Qeyd olunub ki, muxtar respublikamızda əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 3 müəssisə və pərakəndə satış üçün 56 əczaxana təşkilatı lisenziyalaşdırılıb.

Son illər dərman vasitələrinin dövriyyəsində saxta, mənşəyi məlum olmayan, normativ texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrinə rast gəlinir. Saxta dərmanların istehsalı ilə məşğul olanların dərman paketlərinin surətini eynilə çıxara bilən yeni mexanizmlərdən istifadə etməsi insanların həyatının təhlükədə olması riskini bir qədər də artırır. Çünki surəti çıxarılan dərman paketləri orijinal paketlərlə eyni olduğundan, orijinal dərmanı saxtadan ayırmaq çox çətin və hətta bəzən mümkünsüz olur. Belə hallar xəstələrin həyatını təhlükə qarşısında qoyduğu üçün cinayət tərkiblidir. Qanunsuz dövriyyəsinə görə xüsusi icazə (lisenziya) olmadan dərman vasitələrinin idxal olunması, saxlanılması və dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətə satışına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki və hüquqi şəxslərə müvafiq cərimələr tətbiq olunur. 2016-cı ildə aparılan yoxlamalar nəticəsində muxtar respublika ərazisində fəaliyyət göstərən əczaxanalarda aşkarlanan nöqsanlara görə 12 əczaxanaya müvafiq cərimələr tətbiq olunub və 7 əczaxananın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Tədbirdə vurğulanıb ki, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi əhali üçün ən vacib və aktual məsələdir. Bu, nəzərə alınaraq dərman vasitələrinin muxtar respublika ərazisinə idxalı üçün xüsusi icazə (lisenziya) olmadan dərman vasitələri və tibbi ləvazimatlar gətirən fiziki və hüquqi sahibkarlar barəsində ciddi tədbirlər görüləcək, dərman vasitələrinin qanunsuz dövriyyəsi halları aşkarlandıqda Səhiyyə Nazirliyi tərəfindən onlara pərakəndə satış üçün verilən lisenziyaların fəaliyyəti dayandırılacaq və ya ləğv olunacaqdır.
Tədbirdə əczaçılıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti