İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı fəaliyyətə başlamışdır. Həmin tarixdən aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.
Azərbaycanda səhiyyənin inkişafı ötən əsrin 70-ci illərindən başlayır. Həmin dövrdən etibarən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsinin əsaslı inkişafına səbəb olmuş, ölkəmizin bütün bölgələrində müasir xəstəxana binaları tikilərək istifadəyə verilmişdir. Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə səhiyyə sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, müasir səhiyyə infrastrukturu yaradılmışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər Naxçıvan səhiyyəsi üçün inkişaf dövrü kimi səciyyələnir. 1969-1999-cu illərdə muxtar respublikada 1156 yerlik xəstəxanalar, eləcə də poliklinika və ambulatoriyalar tikilmişdir.

Səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri bu gün dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi, əhalinin kütləvi tibbi dispanserizasiyası vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına imkan vermişdir.
Ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf muxtar respublika səhiyyəsini də əhatə edir. Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Duzdağ Fizioterapiya, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darı­dağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları müasir səhiyyə müəssisələrindəndir.

Muxtar respublika əhalisinin sağlamlığının qorunmasına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, son illər ərzində 220-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun tikilərək və yeni tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir ki, onlardan da 13-ü ötən ilin payına düşür. Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir. Bütövlükdə, tibb müəssisələrinin stasionar və ambulatoriya bölmələri xidmətin əhatə dairəsini xeyli genişləndirmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mammoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə imkan verir.
Naxçıvanda səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Yaradılan şərait muxtar respublikada insanların kütləvi tibbi müayinədən keçirilməsi tədbirlərinin də uğurlu icrasını təmin etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hər il fevralın 15-dən mayın 15-dək həyata keçirilən əhalinin kütləvi tibbi dispanserizasiyası muxtar respublikada uğurla davam etdirilir. Bu humanitar aksiya, əhalinin tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genofondunun qorunmasına yönəlib.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Pro­qramı”nın icrası da diqqət mərkəzində saxlanılır, kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı və poliomielit xəstəliyinin profilaktikası, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, orto­pedik, endokrinoloji müayinələri də uğurla davam etdirilir.
Dispanserizasiya işini daha da yaxşılaşdırmaq məqsədilə yerlərdə davamlı olaraq əhalinin müayinə-müalicə işi, səhiyyə, təhsil və mədə­niyyət müəssisələrində mammoqrafiya müayinələri aparılır. Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirləri genişləndirilmişdir. Hazırda əməliyyat və doğuş həyata keçirilən bütün tibb müəssisələrində xəstələrdə hepatit B və C viruslarının ekspress metodla müayinəsi aparılır, nəticəsi müsbət olan xəstələr əlavə olaraq Yoluxucu Xəstəliklər Mərkəzində müayinələrə cəlb olunur. Həmçinin nikaha daxil olan vətəndaşlarda İİV, QİÇS və sifilis xəstəlikləri ilə bərabər, hepatit B, C viruslarının yoxlanılması da həyata keçirilir.
Bakı şəhərindən muxtar respublikaya dəvət olunan yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə əməliyyatlar aparması da artıq ənənə halını almışdır. Sosial layihələr çərçivəsində təkcə ötən il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin həkim briqadası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardio­cərrahiyyə şöbəsi tərəfindən 430 xəstədə müayinə, 112 xəstədə açıq ürək əməliyyatı aparılmışdır. Azərbaycan Respublikası Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası Şərur və Ordu­bad rayonlarında 7 min 391 sakini tibbi müayinədən keçirmiş, 189 xəstədə cərrahi əməliyyat aparmışdır.
Bu gün Naxçıvanda ən mürəkkəb cərrahi əməliyyatların aparılması əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır. Bundan başqa, əhali arasında səhiyyə maarifi işinin təşkilinə də diqqət artırılmışdır. Mərkəzi xəstə­xanalar tərəfindən təşkil olunan həkim briqadaları müvafiq qrafik əsasında kəndlərdə olur, əhaliyə nümunəvi xidmət göstərirlər. Ahıl və əlillər də daimi tibbi müayinələrdən keçirilir, onlar Bakı şəhərinin Şağan qəsəbəsindəki Əlillərin Müalicə Pansionatına, Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına və digər xəstəxanalara müalicəyə göndərilirlər.

Görülən işlərin nəticəsidir ki, son illər Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dizenteriya, difteriya, epidemik parotit pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmamışdır. Həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişi, müalicə-profilaktika işinin nümunəvi təşkili, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərmişdir.
Profilaktik tədbirlərin səmərəli nəticələr verdiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Muxtar respublikada səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Son illər Duzdağ Fizio­terapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilmişdir. Hər iki səhiyyə müəssisəsi hər il yüzlərlə xarici turistin müraciət etdiyi müalicə ocağına çevrilmişdir.
Səhiyyə sahəsində kadr təminatına ən vacib məsələ kimi böyük əhəmiyyət verilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. İxtisaslı tibbi kadrların yetişdirilməsi ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Təkcə ötən il bu məqsədlə 50 tibb işçisi və Tibb Kollecinin 36 tələbə və müəllim heyəti Türkiyə Respublikasında, 5 həkim İran İslam Respublikasında, 10 həkim Bakı şəhərində yerləşən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və 16 həkim Bakı şəhər tibb müəssisələrində iş yerində müxtəlif müddətlərdə təkmilləşmə kursu keçməsi üçün göndərilmişdir. Muxtar respublika tibb müəssisələrində çalışan 42 orta tibb işçisi isə Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə mübadiləsinə cəlb olunmuşdur. Ötən il muxtar respublikada səhiyyə sahəsində 17 konfrans, 112 seminar keçirilmişdir. İl ərzində keçirilən sertifikasiya imtahanında 595 orta tibb işçisi iştirak etmiş, onlardan 442-si uğurlu nəticə qazanmışdır.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlərin göstərilməsi davam etdirilmiş, nazirliyin rəsmi internet saytı “Elektron hökumət” portalına qoşulmuş və yenilənmişdir. Saytda elektron müraciətlər bölməsinin fəaliyyəti ilə yanaşı, imtahan test sualları, obliqat qruplarının müayinəsi, uşaq sağlamlıq kartları haqqında məlumatlar verilir və statistik göstəricilər mütəmadi olaraq yenilənir.
Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı islahatlar aparılır, səhiyyə sistemi sürətlə inkişaf edir və müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Bu gün muxtar respublikada əhaliyə 229 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 713 həkim, 2107 orta tibb işçisi çalışır. Həkimlərdən 101-i Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi adına layiq görülmüşdür.
Muxtar respublikanın tibb işçi­ləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti