Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin həkim heyəti 2016-cı il ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları ilə birgə 112 nəfərdə açıq ürək əməliyyatı aparıb. Bu da yerli həkimlərin peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayır.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Mahmudov ötən şənbə və bazar günləri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ikigünlük ezamiyyətə gəlib. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində 5 açıq ürək-aortakoronar şuntlama əməliyyatı həyata keçirilib. Xəstələr koronar angioqrafiya, exokardio­qrafiya, elektrokardioqrafiya və digər kardioloji müayinələrdən keçirilib, onlarda müşahidə olunan gizli ürək xəstəlikləri və risk amilləri araşdırılıb, xəstələrə tibbi məsləhət və tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti