Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Ana südü möcüzəsi” adlı kitabı oxuculara təqdim olunub. 

Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə qeyd olunur ki, hər bir xalqın, dövlətin, ailənin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaqların sağlam, hərtərəfli, fiziki və əqli cəhətdən düzgün inkişaf etməsi üçün əsas amillərdən biri onların doğulduğu gündən düzgün qida­lanmasıdır. Südəmər dövr körpələrin həm fiziki, həm də zehni inkişafının formalaşdığı həlledici bir dövrdür. Bu dövrdə düzgün qidalanmayan körpələrdə fiziki-psixi cəhətdən geriqalma, daha sonrakı yaşlarda isə intellektin inkişafında, davranışda, vərdişlərdə ciddi qüsurlar meydana çıxır. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla, körpə orqanizminin tələblərini ödəməlidir. Bu tələblər isə yalnız ana südü vasitəsilə ödənilə bilər. Çünki ana südünün tərkibindəki qida maddələrinin – yağların, zülalların, karbohidratların, fermentlərin, amin turşuların,vitaminlərin, mineral maddələrin bir-birinə nisbəti elə səviyyədədir ki, yeni doğulan, südəmər və 2 yaşına qədər uşaqların mədə-bağırsaq traktı tərəfindən asan sorulur. Ana südünün uşağın ilk “peyvəndi” olduğu, uşaq orqanizminin immunitet səviyyəsini qaldırdığı da vurğulanır.
Kitabda ana südünün digər südlərlə fərqi, ana südünün unikal tərkibi, südverən ananın rejimi, müxtəlif səbəblərdən südün azlığı zamanı uşağın qidalanması, normal uşaqların qidalanma rejimi, süni qidalanmanın təhlükələri və sair bölmələr diqqəti cəlb edir.
Metodik vəsait müəllifin uzun illərin pediatrik təcrübəsi, müşahidəsi və 8 tibbi ədəbiyyatdan istifadə edilərək ərsəyə gəlmişdir. Hər bir ana üçün stolüstü kitab olacaq bu vəsaitdən Naxçıvan Tibb Kollecinin və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri də istifadə edə bilərlər.
Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 7 saylı kollegiya qərarı ilə çap olunmuşdur.

Hüseyn ƏSGƏROV