Muxtar respublika ərazisində uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – Mantu sınağına start verilib.
Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Tədbirin təşkili üçün xəstəxana tərəfindən əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, tədbirlə əlaqədar onlara lazımi təlimatlar verilib, söhbətlər aparılıb. Eyni zamanda şəhər və rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məsul şəxslərin iştirakı ilə seminar keçirilib, rayon mərkəzi xəstəxanaları, eləcə də Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.
Mantu sınağının ilk günü – dekabrın 5-də Naxçıvan şəhərinin 1, 2, 3, 4, 5 və 7 nömrəli tam orta məktəblərində 4 min nəfərdən çox şagird tuberkulin diaqnostikasına cəlb olunub. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat veriləcəkdir. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə cəlb olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti