Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, səhiyyə sisteminin müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Naxçıvan şəhər Bulqan və Şərur rayon Arbatan kənd feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları, dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə reaktiv və dərman preparatları, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar gətirilib.

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 3 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsilə birgə 13 nəfərdə açıq ürək əməliyyatı, 32 nəfərdə müayinələr aparıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə müəssisələri tərəfindən noyabr ayında 50-55 yaşlı əhalinin müayinələri başa çatdırılıb, qeydiyyatda olan 23 min 168 nəfərdən 15 min 877 nəfəri tibbi müayinədən keçirilib, 2 min 444 nəfər dispanser qeydiyyatına götürülüb. Həmçinin 6454 nəfərdə xolesterin müayinəsi aparılıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət işçiləri arasında süd vəzinin profilaktik müayinəsi davam etdirilib, noyabr ayında 154 nəfər qadında süd vəzinin müayinəsi aparılıb.
Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi davam etdirilib. Noyabr ayında 16 min 924 şagirddə müayinə aparılıb, 1519 nəfər dispanser qeydiyyatına alınıb.
Universitet və kollec tələbələrinin kütləvi profilaktik müayinəsi zamanı 1750 tələbə müayinədən keçirilib, xəstə aşkar olunmayıb.
Naxçıvan Мuxtar Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Мuxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Kardioloji Mərkəz, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadalarının müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunaraq yerlərə gedişi qrafik əsasında tənzimlənib, müayinələrin kütləviliyinə nail ­olunub.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə noyabr ayının əvvəlindən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə dezinfeksiya işlərinə başlanılıb.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarığının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Noyabrda 9 nəfər həkim Türkiyə Respublikası Ankara Qazi Universitetində müxtəlif müddətlərə kurs keçmələri üçün göndərilib.
Tibb müəssisələrində çalışan 150 nəfər orta tibb işçisinin oktyabr-noyabr aylarında Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kursu keçməsi nəzərdə tutulmuşdu. Kollecdə bu il oktyabrın 24-dən başlanan peyvənd və sterilizasiya kursu noyabrda başa çatıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə bu kursda Naxçıvan şəhəri ilə yanaşı, rayon tibb müəssisələrində çalışan 90 tibb bacısı iştirak edib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatologiyanın aktual problemləri” mövzusunda Azərbaycan İmplantoloq İctimai Birliyi ilə birgə konfrans keçirilib. Konfransda stomatoloqlar, Naxçıvan Dövlət Universitetinin və Tibb Kollecinin tələbələri iştirak ediblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Cərrahiyyənin aktual problemləri” mövzusunda da konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi noyabr ayı ərzində 33 nəfəri Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 48 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 18 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti