Təbiət hadisələrinə uyğun olaraq payızın gəlməsi ilə optimal şərait yarandığına görə kəskin respirator virus xəstəliklərinin sayında artım müşahidə edilir. Xəstəlik yuxarı tənəffüs orqanlarının iltihabı və ya infeksiyası nəticəsində baş verir, bakterial və virus mənşəli olur. Bu isə xəstəliyin daşıyıcılarına qarşı genişmiqyaslı profilaktik tədbirlərin aparılmasını labüd edir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə payız mövsümündə gücləndirilmiş dezinfeksiya və maarifləndirmə tədbirləri aparılır. Cari mövsümün tədbirlərinə noyabr ayının əvvəlindən start verilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə edir.
Ötən həftə ərzində Naxçıvan şəhər avtovağzalında 1240 kvadratmetr, dəmiryol vağzalında 2 min 500 kvadratmetr, “Cahan” ticarət mərkəzində 3 min 200 kvadratmetr dezinfeksiya işləri həyata keçirilib. Bundan əlavə, Naxçıvan şəhəri ərazisində yerləşən məktəb və bağçalarda mərkəzin əməkdaşları tərəfindən maarifləndirici tədbirlər aparılıb, həmin müəssisələr dezinfeksiyaedicilərlə təmin olunub.
Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti