Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunaraq tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyəti qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. 

Son illərdə insanlar arasında ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranması artdığından profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin artıqlığı, siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adenomiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Beləliklə, ürək, beyin, aorta, aşağı ətraf arteriyalarında aterosklerotik düyünlər formalaşır ki, bunlar da sonradan inkişaf edərək ürəyin işemik xəstəliklərinə, beyin qan dövranının pozulmasına, aşağı ətraf arteriyalarının tıxanmasına səbəb olur. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqreni kimi ağır xəstə­liklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il aprelin əvvəllərindən 50-55 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilib.

Müayinələr Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında – terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilib, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilib. Müayinə olunanlarda qanda xolesterinin təyin edilməsi üçün xəstəxanalara portativ aparatlar verilib.
Bütövlükdə, aksiya müddətində muxtar respublika üzrə qeydiyyatda olan 50-55 yaşlı əhalidən 15 min 877 nəfəri tibbi müayinədən keçirilib, 2 min 444 nəfər dispanser qeydiyyatına götürülüb. Həmçinin 6 min 454 nəfərdə xolesterin müayinəsi aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti