Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndindəki yeni quruculuq ünvanlarından olan ikimərtəbəli həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada ultrasəs və müayinə aparatları ilə təchiz edilib. Kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 27 pediatrik, 12 cərrahi, 22 terapevtik, 14 ginekoloji, 18 nevroloji xəstə müayinələrə cəlb olunub. Briqadanın fəaliyyəti zamanı pediatr tərəfindən 25 uşaq tibbi müayinədən keçirilərək peyvəndə cəlb edilib. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstə­lərin sayı dəqiqləşdirilib.

Həmin gün əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb.
Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə ötən şənbə Kəngərli rayonundakı Qarabağlar kəndində оlub.
Pediatr, stomatoloq, oftalmoloq, ginekoloq, nevropatoloq, endokrinoloq, həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib. Kənddə 35 nəfər uşağa tibbi xidmət göstərilib, aşkar edilmiş bəzi xəstə­lərin əlavə müayinə və müalicəsi üçün Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 40 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti