Muxtar respublikamızda avqust ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş uşaqların 97,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 38 min 467 kvadratmetr dezinfeksiya və 54 min 390 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.

Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər aparılıb.

Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib. Muxtar respublikaya xarici ölkələrdən gələn sərnişinlər üzərində xəstəliyə şübhəli hərarətli şəxslərin aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri vasitəsilə bütün gömrük məntəqələri və hava limanında vətəndaşlar üzərində vizual müayinə aparılması təmin olunub. Həmçinin bütün regional gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həftədə iki dəfə su və torpaq nümunələri Xüsusi təhlükəli infeksiyalar laboratoriyasına göndərilib.
Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirilib, 360 su, 334 yuyuntu və 1424 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 273, təhsil üzrə 25, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 247, kommunal sahələr üzrə 111, sürücülük üzrə 17 nəfər olmaqla, bütövlükdə, 673 nəfər müayinədən keçib.
Qidalanma gigiyenası laboratoriyasında 19 nümunədə 26 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 2 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının təlabata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 92 nümunədə 110, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 4 nümunədə 9 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 14 mühazirə oxunub, tibbi şurada 5 məsələ müzakirə edilib.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti