Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.
Burada Mamalıq işi, Müalicə işi, Tibb bacısının işi, Əczaçılıq işi, Ortopedik stomatologiya olmaqla, 27 qrupda orta ixtisaslı kadrlar hazırlanır. Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktiki vərdişlərə yiyələnirlər.
Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompüter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti bu il avqust ayında Türkiyə Respublikası Ərzurum Atatürk Universitetinin xəstəxanasında təcrübə kursu keçib.

4 həkim və 20 tələbədən ibarət heyət Atatürk Universitetinin araşdırma xəstəxanasının endokrinoloji, ginekoloji, dəri-zöhrəvi, genetika, cərrahi, pediatriya, təcili tibbi yardım üzrə bölmələrində olub. Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Onlar plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər.
Sağlıq bilimləri fakültəsinin dekanlığı tərəfindən həkimlərə və tələbələrə sertifikat verilib. Heyət kursu başa vuraraq Naxçıvana­ qayıdıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti