Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini avqust ayında da davam etdirib, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Şahbuz rayonunun Kiçikoba kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.

Bəhs olunan dövrdə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstə­lərin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 5 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 5 nəfərdə açıq ürək əməliyyatı, 16 nəfərdə müayinələr, Bakı şəhərində tibbi fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənov Naxçıvan Muxtar Respublika Xəstəxanasında endokrinoloji xəstəliyi olan 60 nəfərdə müayinələr və müalicələr aparıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət işçiləri arasında 22 qadında süd vəzinin müayinəsi həyata keçirilib, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət edilib.
Avqust ayında 50-55 yaşlı əhalinin 4 min 209 nəfəri müayinə olunub, 262 nəfər dispanser qeydiyyata götürülüb.
Müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunan həkim briqadalarının yerlərə gedişi qrafik əsasında tənzimlənib, müayinələrin kütləviliyinə nail olunub. Ordubad, Şahbuz və Culfa rayonlarının ərazisindəki obalarda heyvandarlar və onların ailələrinin kütləvi tibbi müayinəsi aparılıb. Obalarda 168 nəfər tibbi müayinələrdən keçirilib.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ay ərzində 15 nəfəri Bakı şəhər Şağan qəsəbəsində fəaliyyət göstərən Əlillərin Müalicə Pansionatına, 39 nəfəri Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Müharibə və Əmək Veteranları Pansionatına, 33 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti