Muxtar respublikamızda iyul ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Yenidoğulmuş uşaqların 96,8 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 29 min 421 kvadratmetr dezinfeksiya və 33 min 410 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib. Muxtar respublikaya xarici ölkələrdən gələn sərnişinlər üzərində xəstəliyə şübhəli hərarətli şəxslərin aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri vasitəsilə bütün gömrük məntəqələri və hava limanında vətəndaşlar üzərində vizual müayinə aparılması təmin olunub. Həmçinin bütün regional gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həftədə iki dəfə su və torpaq nümunələri Xüsusi təhlükəli infeksiyalar laboratoriyasına göndərilib.

Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 207 su, 254 yuyuntu və 1304 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 372, təhsil üzrə 61, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 240, kommunal sahələr üzrə 106, sürücülük üzrə 23 nəfər olmaqla, bütövlükdə, 802 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 24 nümunədə 36 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 3 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 18 nümunədə 89, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 6 nümunədə 11 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 31 mühazirə oxunub, tibbi şurada 5 məsələ müzakirə edilib.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti