Uşaqlarda serebral iflici, autizm, nevroz, daun sindromu və bu kimi digər xəstəliklərin son illərdə artması, onların yaranma səbəbləri və müalicəsindəki yeniliklərlə bağlı əhalinin məlumatlandırılması səhiyyə sistemində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin həkim-nevropatoloqu Zöhrə Maqsudova söhbət zamanı bildirdilər ki, müasir dövrdə doğulan hər 1000 uşaqdan 10-u uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Baş beyinin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döldə, yeni doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi zamanı müxtəlif hərəkət pozğunluqları, piramid yolların (hərəkət sistemi), qabıqaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Müxtəlif şəkildə psixi pozulmalar – yüngül əqli geridə qalmadan imbesillik (əqli zəifliyin ağır növü) dərəcəsinə qədər çata bilir.

 Uşaqlarda autizm sindromu ümumi psixoloji inkişaf pozuntusu qrupuna aiddir. Sindrom 3 yaşa qədər aşkar olunmağa başlayır. Uşaqlarda özünəqapanma, təkliyə canatma, stereo­tip davranış, fəaliyyətinin və yaradıcılıq qabiliyyətinin zəif olması qeydə alınır. Xəstələrin yarısından çoxunda əqli inkişaf geriliyi olur. Yaş artdıqca xəstələrdə ətrafa soyuq münasibət, monoton emosional reaksiya müşahidə edilir.

Nevroz və nevrotik reaksiya isə sinir sisteminin funksional xəstəliyi olub uşaqlar arasında daha geniş yayılıb. Ailədə olan münaqişə, artıq psixoloji yüklənmə, ali sinir sisteminin zəifliyi, kompüter və mobil telefondan həddən çox istifadə, istirahətin qeyri-düzgün təşkili və digər bu kimi faktorlardan yaranan belə hallarda uşaqlar əsəbilik, oyanıqlıq, əhəmiyyətsiz bir şeydən hirslənmə, yuxunun pozulması, başağrısı, başgicəllənmə, yorğunluq, ümumi zəiflikdən şikayətlənirlər.
Daun sindromu irsi genetik xromosom xəstəliyidir. Bu insanlarda 46 xromosom əvəzinə 47 xromosom mövcud olur. Xromosom və onlardakı genlər insanın fizioloji və psixoloji vəziyyətinə nəzarət edən, daha doğrusu, insanı şəxsiyyət kimi formalaşdıran əsas ünsürdür. Xromosom dəsti sabitdir, ancaq bəzi amillər bu sistemi poza bilir. Nəticə etibarilə uşağın sahib olduğu artıq xromosom onun həyatına təsir edir. Bu uşaqlar xüsusi görkəmə malik olmaqla bərabər, bir-birlərinə bənzəyir, onlarda zəka geriliyi qeydə alınır. Onların boyu nisbətən alçaq, yaddaş qabiliyyətləri az, diqqətləri dağınıq olur, nitqləri təmiz olmur. Amma güclü təqlid bacarığına malik olurlar.
Uşaqlarda nevroloji xəstəliklərin diaqnozunun tez qoyulması və müalicəyə vaxtında başlanması müəyyən nəticə əldə etməyə imkan verir. Mərkəzi sinir sisteminin zədələnməsinin vaxtında aşkar edilməsi və lazımi müalicə ocaqlarına göndərilməsi üçün bütün yeni doğulmuş uşaqların nevroloji müayinəsi aparılmalıdır.
Xəstəliyin müalicəsi ilə bağlı mütəxəssislər bildirdilər ki, hərəkət funksiyalarının bərpa və inkişafında müalicə bədən tərbiyəsi, masaj, balneoterapiya (vannalarla müalicə), fizioterapiya mühüm əhəmiyyət kəsb edir. Uşaq serebral iflicində müalicənin yaxşı nəticə verməsi üçün uşaq nevropatoloqu və ortoped birlikdə fəaliyyət göstərməlidirlər. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Fizioterapiya və reabilitasiya şöbəsində bu xəstələrin müalicəsi üçün istifadə olunan hər cür fizioterapiya avadanlıqları var və balneoterapiya fəaliyyət göstərir. Bunlarla yanaşı, uşağın psixi inkişafını yaxşılaşdırmaq məqsədilə xüsusi müalicə kursu da aparılmalıdır.
Müsahiblərimin verdiyi məlumata görə, uşaq nevroloji xəstəliklərinin fizioterapevtik müalicə üsullarından biri də hippoterapiyadır (atla müalicə üsulu). At minmək insanların sağlam həyat tərzi keçirməsində, prostat vəzin, hərəkət-dayaq sisteminin, keçirilmiş insult və digər xəstəliklərin müalicəsində, böyrəklərdə və öd kisəsində olan daşların təbii üsulla salınmasında əhəmiyyətlidir. Uşaqlarda psixi inkişafın yaxşılaşdırılması vasitələrindən biri olan hippoterapiya latın sözü olub, “hippo” – at, “terapiya” – müalicə deməkdir. At uşaq və ətraf aləm üçün birləşdirici vasitədir. Hippoterapiyada uşaq atla ünsiyyət saxlamağa çalışaraq onu özünə dost bilir. Bu amil isə uşaqlarda nevroloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyət kəsb edir. Uşaq at minən zaman təhlükəsiz hesab etdiyi öz daxili aləmində qalmaqla bərabər, ətraf mühitlə əlaqə saxlamağa məcbur olur.
Hippoterapiyanın unikallığı həm fiziki, həm də psixi-emosional baxımdan faydalı olmasındadır. At terapiyası ətraf mühitlə harmonik münasibətlərin qurulmasına köməklik göstərir, motivasiyanı artırır. Yaddaşı gücləndirir, eyni zamanda diqqəti toplamağa köməklik edir. Hərəkətlərin ardıcıllığını planlaşdırmaq məcburiyyəti psixi prosesləri aktivləşdirir. Sosial mühitə adaptasiya baxımından da hippoterapiya əvəzsizdir. Çəkingən, eləcə də autizmli uşaqlar atla ünsiyyətdən sonra sosiallaşmağa başlayırlar. Hippoterapiyanın özəlliklərindən biri budur ki, pasiyent fiziki mənada ağrı çəkmir. Üstəlik, uşaqlar müalicə olunduqlarını başa düşmürlər. Onlar atla ünsiyyət qurmağa çalışırlar, bu isə istənilən nəticənin daha tez zamanda əldə edilməsinə yardımçı olur.
Hippoterapiya, ilk növbədə, əzələ sisteminə təsir edir.Yıxılmamaq üçün edilən reflektiv hərəkətlər həm sağlam, həm də zədələnmiş əzələləri hərəkətə gətirir. At sürən zaman uşaqlarda, eləcə də digər nevroloji xəstələrdə hərəkətlərin korreksiyası, koordinasiyası tənzimlənir. Baş beyinin qanla təchizatı yaxşılaşır. At minən zaman uşaq atla ünsiyyət yaratmağa çalışır və atın hərəkətinə diqqət edərək öz hərəkətlərini ona uyğunlaşdırır, bu isə onlarda insanlarla ünsiyyətin formalaşmasına kömək edir. Nəticədə, uşaqlarda diqqətin cəmləşməsi, yaddaşın yaxşılaşması artır. Müalicəyə qatılan uşaqlarda ilk günlər aqressiv davranışlar yarana bilər, ancaq bu, keçici haldır. Terapiyanın sonrakı gedişlərində aqressivlik tədricən azalır, atlarla, digər uşaqlarla ünsiyyət daha da yaxşılaşır.
Müalicənin birinci mərhələsi mütəxəssis nəzarəti altında heyvana toxunmaqdan başlanır. Bəzən qorxu hissi əks reaksiyalara səbəb ola bilər. Lakin bunlar keçicidir, zamanla uşaqlarda qorxu hissi tədricən azalır. Müalicənin ikinci mərhələsi atın belində davam etdirilir. Təsdiq olunub ki, atlarda artıq miqdarda müsbət enerji var. Atlarla təmasda olan uşaqlarda müsbət enerjinin təsirindən onlarda əhval-ruhiyyənin, toxuma və orqanların qan təchizatının, maddələr mübadiləsinin yaxşılaşması qeydə alınır, onlarda müsbət emosiya yaranır. Zaman keçdikcə uşaq nevroloji xəstələrdə psixi proseslər aktivləşir, mühakimə yürütmək qabiliyyəti çoxalır, ətraf mühitlə əlaqə güclənir, ünsiyyət artır. Bütün bunlar isə xəstələrin cəmiyyətə inteqrasiyasına müsbət təsir edir. Mütəxəssislərin rəyinə görə, gün ərzində minimum 30 dəqiqə atla təmasda olmaq kifayətdir. Bu terapiya 6 ay davam etsə, daha yaxşı olar. At terapiyası zamanı qazanılmış vərdişlər sonra itirilmir, həyat boyu qalır. Xüsusilə yeniyetməlik və keçid dövrünü yaşayanlarda, öz yaşıdları ilə ünsiyyət qura bilməyən uşaqlarda atla daxili ünsiyyət özgüvəni bərpa edir. Əlil arabasında olan uşaqlar həmişə aşağıdan yuxarıya baxmağa öyrəşiblər. Atda olan zaman onlar üstünlük əldə edirlər və bu, onlarda psixoloji güvən yaradır.
Müsahiblərim məlumat üçün bildirdilər ki, qədim dövrlərdən atın mənfi enerjini götürdüyü, əvəzində isə müsbət enerji ötürdüyü barədə inanclar mövcuddur. Bu barədə ilk məlumatlara tibb elminin banisi hesab olunan Hippokratın yazılarında rast gəlinir. XVIII əsrin ortalarında ensiklopediyaçı Deni Didro at sürmək haqqında traktatında yazır ki, fiziki məşqlər sırasında ilk yerdə at sürmə dayanır. Bu üsulla bir çox xəstəlikləri müalicə etmək olar.
Hippoterapiyanın ibtidai müalicə növü V əsrdə Roma və Yunanıstanda tətbiq edilib. XIX əsrdə başlanan elmi araşdırmalar hippoterapiyanın faydalarını üzə çıxarıb. Məlum olub ki, hiperaktiv diqqət çatışmazlığı, autizm, serebral iflic, inkişaf pozğunluqları, daun sindromu, eşitmə və görmə çatışmazlıqları, nitq pozğunluqları, onurğa sütunu zədələnmələri kimi problemlərdən əziyyət çəkən uşaq və gənc­lərin müalicə və reabilitasiyasında hippoterapiyanın əhəmiyyəti böyükdür. Bu gün Şərq ölkələrində, o cümlədən Azərbaycanda da hippoterapiyadan istifadə olunur. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin reabilitasiyası və asudə vaxtının səmərəli təşkilidir.
Babək rayonunun Badaşqan və Yarımca kəndlərinin arasındakı ərazidə fəaliyyət göstərən Naxçıvan Atçılıq Klubu digər təyinatları ilə yanaşı, həm də muxtar respublikada hippoterapiyanın təşəkkül və inkişafında müəyyən rol oynaya bilər. Klubda ərəb, ingilis, ispan, Azərbaycanın məşhur Qarabağ və Naxçıvan atları vardır.
Burada uşaqların daha çox sevdiyi və onların zövqünə uyğun kiçikboylu atlar – ponilər xüsusi qeyd edilməlidir. Həftənin bütün günləri fəaliyyət göstərən klubda uşaqların istirahəti, müalicəsi və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb. Qeyd etmək lazımdır ki, xəstə uşaqlar və təhsildə yüksək nəticə əldə edən şagirdlər klubdan pulsuz istifadə edirlər.
Müsahiblərim onu da vurğuladılar ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması üçün son illərdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Dünya standartlarına uyğun səhiyyə müəssisələri tikilib istifadəyə verilib və ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Artıq muxtar respublikada, demək olar ki, bütün profillər üzrə xəstələrin müayinə və müalicəsi müvəffəqiyyətlə həyata keçirilir.
Xəstələr arasında yüksək reabilitasiya göstəricilərinə nail olmaq üçün fizioterapiya müalicə üsullarından da geniş istifadə olunur. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Fizioterapiya və reabilitasiya şöbəsindəki müasir fizioterapiya avadanlıqları, Naftalan və digər vannalarla, masajla müalicə üsulları həmin xəstəliklərin müalicəsində mühüm əhəmiyyətə malikdir.

Qeyd edildiyi kimi, hippoterapiya nevroloji, ortopedik xəstəliklərin müalicəsində çox yüksək əhəmiyyətə malikdir. Mütəxəssislər tövsiyə etdilər ki, bu xəstəliklərdən əziyyət çəkən insanlar, xəstə uşaqların valideynləri yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməklə övladlarının cəmiyyətə inteqrasiyası üçün mühüm addım atmış olarlar.

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı