Burada yaradılan şəraitlə yanaşı, göstərilən xidmət də nümunəvidir

İnsan üçün ən şirin nemət sağlamlıqdır. Amma xəstəliklərdən də heç zaman sığortalanmamışıq. Xoşbəxtik ki, artıq muxtar respublikamızda səhiyyənin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. İndi səhiyyə infrastrukturunda aparılan islahatlar nəticəsində yeni nailiyyətlər əldə olunur. Səhiyyə müəssisələrinin təmir və bərpası, müasir tibbi avadanlıqlarla təchiz olunması və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsini xüsusilə qeyd etməliyik.

Bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin qayğısı ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə xəstəxananın binası istifadəyə verilib. Açılış mərasimində çıxış edən dövlət başçısı deyib: “Xəstəxana ən yüksək standartlara cavab verir. Xarici görünüşü də çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infra­strukturunun yaradılması prosesi başa çatır”.

Yeni səhiyyə ocağının binasının istifadəyə verilməsindən uzun bir zaman keçməyib. Bəs bu müasir xəstəxana binasının istifadəyə verilməsi ilə hansı dəyişikliklərə nail olunub? Ümumiyyətlə, bu şəfa ocağında əhaliyə necə səhiyyə xidməti göstərilir? Əhali onlara göstərilən xidmətdən razıdırmı?
Bu suallarımıza cavab tapmaq üçün xəstəxanaya üz tutduq. Burada qaynarlıq hökm sürürdü. Səhiyyə ocağının dəhlizlərində adamların çoxluğu diqqətimizdən yayınmadı. Ancaq bu, o demək deyildi ki, gördüyümüz insanların hamısı xəstədir. Öyrəndik ki, artıq əhali hər hansı ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmur. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək tez-tez ambulator müayinələrdən keçirlər.
Xəstəxananın baş həkiminin müavini Ramazan Abbasov bizi səhiyyə ocağı ilə tanış edir. Öyrənirik ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada Travmatologiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ümumi terapiya, Nevrologiya, Hematologiya, Göz xəstəlikləri, Burun-qulaq-boğaz, Endokrin xəstəliklər, Urologiya, Cərrahiyyə, Neyrocərrahiyyə, Reanimasiya və Reabilitasiya şöbələri fəaliyyət göstərir. Xəstəxanada Pulmonologiya, Qastroenterologiya, Hemodializ kimi 3 stasionar bölmə, həmçinin Qəbul, Radiologiya, Laboratoriya, Konsultativ diaqnostik poli­klinika, Mərkəzi qan bankı, Dərman vasitələrinin mərkəzləşmiş analitik ekspertiza laboratoriyası şöbələri də vardır. Fizioterapiya, Hidroterapiya, Naftalan nefti ilə müalicə, Əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarındadır. 94-ü həkim olmaqla, 562 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkündür.
Bir neçə şöbədə müşahidə apardıq. Konsultativ-diaqnostik poliklinika şöbəsində ekq-exo, eeq, emq, LOR və göz kabinələri, esi, 2 stomatoloq, ginekoloq, revnotoloq, terapevt və USM kabinetləri fəaliyyət göstərir. Şöbədə tibbin ən son yeniliklərinə yiyələnmiş kadrlar çalışır. Xüsusilə qeyd etməliyəm ki, xəstəxanada çalışan həkimlərin əksəriyyəti Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin məzunlarıdır. Onlardan biri də Güllü Kazımovadır. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türkiyənin Kocaeli Universitetinin Xəstəxanasında interna keçdikdən sonra 2008-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyətə başlayıb. Hazırda xəstəxanada Konsultativ-diaqnostik poliklinika şöbəsinin müdiridir. O deyir:
– Biz bu günün xoşbəxt gənc həkimləriyik. Çünki hərtərəfli şəraitlə təmin olunmuş xəstəxana binasında fəaliyyət göstəririk. Bu bina muxtar respublika əhalisinə və tibb işçilərinə əvəzsiz töhfədir. Xəstəxanada müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır. Poliklinika şöbəsinə daxil olan hər bir pasiyent kabinetlərdə ən yüksək səviyyədə müayinə olunur. Biz çalışırıq ki, vətəndaşlarımız bizdən razı getsinlər.
Həmsöhbət olduğum gənc həkimlərdən biri də Laboratoriya şöbəsinin müdiri Vüsal Əliyevdir. Türkiyənin müxtəlif xəstəxana və araşdırma mərkəzlərində ixtisasartırma kurslarında iştirak edib. Onun dediklərindən:
– Şöbəmiz 3 bölmədən ibarətdir: ekspress, klinik-biokimyəvi və bakterioloji laboratoriya. Laboratoriyamızda müxtəlif biokimyəvi, klinik, seroloji və bakterioloji müayinələr aparılır. Müayinə apardığımız cihazlar Yaponiya, İtaliya və Amerika istehsalı olan yüksək analitik həssaslığı və dəqiqliyi olan cihazlardır. Biokimyəvi analizatorlarımızdan Cobas c-311 və Cobas e-411 markalı cihazlar Yaponiya istehsalıdır. Laboratoriyamızda muxtar respublikada ilk dəfə olaraq qanda bir sıra göstəricilər təyin edilməyə başlanılıb. Gələcəkdə müayinə parametrlərinin sayının artırılması və bu müayinələr üçün qonşu ölkələrə müraciət edən əhalinin sayının maksimum dərəcədə azaldılması qarşımıza qoyduğumuz əsas məqsədlərdən biridir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naftalan nefti ilə müalicə şöbəsi yenidən qurulub. Burada bir haşiyə çıxaq. Naftalan şəhərində fəaliyyət göstərən sanatoriyatipli müalicə ocaqlarının şöhrəti dünyanı gəzir. Bu müalicə-istirahət mərkəzləri insanların sağlamlığında mühüm rol oynayır. Təbii ki, bəzi insanların Naftalan nefti ilə müalicə olunmağa getmək imkanları yoxdur. 2004-cü ildə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naftalan nefti ilə müalicə şöbəsinin fəaliyyətə başlaması muxtar respublika sakinlərinin böyük sevincinə səbəb olub. Müasir tibbi avadanlıqlar quraşdırılmış şöbədə hər ay onlarla xəstə müalicə olunur, sağlamlığına qovuşur. Naftalan nefti insanları ağrılardan xilas edir, dəri xəstəliklərini sağaldır, əsəbləri sakitləşdirir və dərini yumşaldır. Burada gigiyenik qaydalara ciddi əməl olunması üçün lazımi şərait yaradılıb. Qeyd edək ki, şöbədə təbii üsullarla – dərman bitkiləri ilə də müalicə aparılır. Burada Naxçıvan ərazisində bitən müxtəlif müalicəvi otlardan geniş istifadə edilir. Təbii müalicə üsulunun tətbiqi insan orqanizminin digər üzvlərinə heç bir zərər vermədən ehtiyac olan müalicəni həyata keçirməyə imkan verir. Blokada şəraitində yaşayan Naxçıvana ölkənin digər ucqar regionundan müalicəvi Naftalan neftinin gətirilməsi xeyli vaxt və vəsait tələb edir. Ancaq insan amilinə qayğı belə çətinliklərə üstün gəlib.
Daha sonra Cərrahiyyə şöbəsində olduq. Növbəti həmsöhbətimiz şöbənin müdiri Məhərrəm Tarverdiyevdir:
– Uzun illərdir, bu xəsətəxanada işləyirəm. Bu gün gördüyünüz bina, aparatlar bir vaxtlar biz həkimlər üçün xəyal idi. Belə bir şəraiti yalnız kurslarda iştirak etdiyimiz xarici ölkə­lərin xəstəxanalarında görmüşdük. İndi bizim üçün yaradılan şərait daha yüksəkdir. Bizim şöbədə, əsasən, cərrahi əməliyyatlar aparılır. Əvvəllər əməliyyatdan sonra pasiyentlərin yerləşdirildiyi palatalar yaxşı vəziyyətdə deyildi. İndi palatalarımızın hər cür şəraiti var. Mən elə qəzet vasitəsilə bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, yaradılanları qoruyaq. Hamılıqla. Çünki dövlətimiz bu xəstəxanaya külli miqdarda vəsait sərf edib. Bu səhiyyə ocağına doğma evimiz kimi baxmalıyıq.
Məhərrəm həkim əlavə edir:
– Bizim işimiz çox məsuliyyətli və şərəflidir. Xəstəxanada fəaliyyət göstərən gənc həkimlərə xəstəxananın əvvəlki vəziyyəti və yaşadığımız çətinliklər barədə məlumat veririk. Hər bir həkim aparatlardan düzgün istifadə etməyi bacarmalıdır. Əgər burada yaradılan şərait nümunə göstərilirsə, göstərilən xidmət də nümunəvi olmalıdır.
Bu səhiyyə ocağına hər gün onlarla xəstə müraciət edir, yaradılan şəraitdən, tibbi xidmətdən razı qalır, aparılan müalicədən şəfa tapır. Bir neçə vətəndaşla həmsöhbət oluram. Naxçıvan şəhər sakini Polad İsmayılov:
– Həyat yoldaşım iki gün əvvəl cərrahi əməliyyat olunub. Bir-iki gündən sonra evə buraxılacaq. Onu deyim ki, çox çətin əməliyyat idi. Əvvəllər bu əməliyyat üçün xarici ölkələrə gedilirdi. Amma öz xəstəxanamızda bunu bütün məsuliyyətlə həyata keçirdilər.
Vətəndaşlardan Sevda Rüstəmova deyir ki, oğlumun ömrünə 10-15 gün vaxt qoymuşdular. Özünə bildirmirdik. Gecənin bir yarısı xəstəlik kəskinləşdi. Onu həyata qaytaran bu gün xəstəxanada yaradılan şərait, həkimlərin qayğıkeşliyi oldu. Xəstəxanada elə gözəl şərait yaradılıb ki, bunu sözlə ifadə etmək çətindir.
Xəstəxananın Hemodializ bölməsi müasir tibbi avadanlıqlarla təchiz edilib. Dializ bölməsinin müdiri Xumar Həsənova bildirdi ki, hazırda bölmədə bu xəstəlikdən əziyyət çəkən 22 nəfər müalicə olunur. Xəstələrdən Hüseyn Haqverdiyev dedi:
– Həftədə 2 dəfə bura müraciət edirəm. 8 ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Buradakı xəstələrə çox həssaslıqla yanaşılır. Lazımi dərman preparatları ilə də təmin olunuruq. Yaradılan bu şəraitə görə dövlətimizə minnətdarıq.
Sonda xəstəxanın baş həkimi Əli Ələsgərovla həmsöhbət oluram:
– Həkim kimi deyə bilərəm ki, muxtar respublikada insanların sağlamlığının qorunması əsas vəzifə kimi qarşıya qoyulub. Bu gün muxtar respublikada insanlar işıqlı, müasir binalarda, təmiz havalı otaqlarda işləmək imkanı qazanıblar. Yaşayış binaları təmir olunur, hər bir bina istilik sistemi ilə təmin edilir, bulaq suları evlərimizdək çəkilib gətirilir. Bütün bunlar sağlamlığımıza tükənməz qayğıdır. Uzun illər əvvələ qayıtmaq istəyirəm. Soyuq divarlar arasında, qış aylarında nəfəs bilinən otaqlarda yaşayan, çalışan, əllərini ovxalaya-ovxalaya həsrətlə işığın yanan saatını gözləyən insanları yaxşı xatırlayıram. Bəs indi? Möhtəşəm bina, yaradılan yüksək şərait. Yaradılan şəraitlə yanaşı, paytaxt Bakıdan, başqa ölkələrdən həkimlərin dəvət olunması, tibb işçilərinə müasir avadanlıqlardan istifadənin öyrədilməsi, biliklərinin təkmilləşdirilməsi məqsədilə həkimlərin xarici ölkə­lərə göndərilmələri uğurlu nəticələrə səbəb olur. Bütün bunlara görə dövlətimizə minnətdarıq. Hələ yolumuz uzundur. Həkimlik elə bir peşədir ki, o, daim yeniliyi, öyrənməyi tələb edir. Kollektivimiz nümunəvi xidməti ilə bu xəstəxananı nəinki muxtar respublikada, hətta Azərbaycanda tanınmış səhiyyə ocaqlarından birinə çevirəcək.

Xəstəxanadan ayrılarkən nahar vaxtı olsa da, həkimlər və tibb bacıları iş başında idilər. Bu ağxalatlı peşə sahibləri yaradılan şəraitdən düzgün istifadə etməyə çalışırlar. Onlar yaxşı başa düşürlər ki, belə şərait müqabilində insanlara nümunəvi xidmət göstərməli, qurulanlardan düzgün və səmərəli istifadə etməlidirlər. Bu xəstəxana binası ölkəmizdə insan amilinin ön planda dayandığını göstərir. Elə xəstəxanada hansı vətəndaşla həmsöhbət olduqsa, onlar belə xəstəxana binasına görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Əvvəllər onlar adi bir xəstəlikdən ötrü yüz kilometrlərlə yol getmək məcburiyyətində qalırdılar. İndi isə həm öz görkəmi ilə gözoxşayan, həm də nümunəvi səhiyyə xidməti ilə seçilən mərkəzi xəstəxana muxtar respublika əhalisinin sağlamlığının keşiyində dayanıb.

 Sara Əzimova