1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizdə ilk səhiyyə nazirliyi yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dahi liderin rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində ölkəmizin bütün regionlarında səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına hesablanmış məqsədyönlü və ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Belə ki, qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olmuşdur. Dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahıl vətəndaşların, bütövlükdə əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması prioritet məsələyə çevrilmişdir. Hazırda muxtar respublikada əhaliyə 233 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 707 həkim və 2103 orta tibb işçisi çalışır. Həmçinin muxtar respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir.
Son illər muxtar respublikada 250-dən çox səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ötən il ən böyük quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Ölkə başçısı açılış mərasimində demişdir: “Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır. Çünki bu günə qədər həm diaqnostika mərkəzi tikilib istifadəyə verilmişdir, doğum mərkəzi tikilmişdir və bütün rayonlarda müasir xəstəxanalar artıq var, fəaliyyət göstərir. Bu, doğrudan da çox əlamətdar hadisədir və bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır”.
Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər təkcə quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Son illər tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Bütövlükdə, tibb müəssisələrinin stasionar və ambulatoriya bölmələri xidmətin əhatə dairəsini xeyli genişləndirmişdir. Bu gün səhiyyə müəssisələrindəki ən müasir aparatlar müayinə və müalicənin düzgün təşkilinə imkan verir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Pro­qramı”nın icrasını təmin etmək üçün muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Dispanserizasiyanın nəticələrinə görə, bu günə qədər 19 min 626 nəfər müayinə olunmuş, 221 nəfər qeydiyyata götürülmüşdür. Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi də başa çatdırılmış, 38 min 345 nəfərdə müayinə aparılmışdır.
Ali Məclis Sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksək­ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin reallaşdırılması insanların sağlamlığına göstərilən diqqət və qayğının bariz ifadəsidir. Təkcə 2015-ci il ərzində sosial layihələr çərçivəsində 556 cərrahi əməliyyat aparılmış, 22 xəstənin ürək damarlarına stent qoyulmuşdur.
Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması bu işdə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Artıq bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri muxtar respublikanın xəstəxanalarında çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar. Bu il may ayının 26-da Naxçıvan səhiyyəsində daha bir uğura imza atılmış, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları tərəfindən ilk dəfə olaraq açıq ürək əməliyyatı aparılmışdır.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Təbii müalicə mərkəzləri olan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilmiş, hərtərəfli şərait yaradılmışdır.
Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar qrafik əsasında kəndlərdə olur, əhaliyə tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında müalicə olunması baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi dövlət proqramlarının icrasını əsas fəaliyyət istiqaməti kimi götürmüşdür. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən profilaktik və əks-epidemik tədbirlər mütəmadi olaraq davam etdirilir, su anbarlarında, su təchizatı qurğularında, ictimai, inzibati və digər binalarda, məişət suları axıdılan və tullantılar toplanan yerlərdə dezinfeksiya və dezinseksiya işləri aparılır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmur.
Peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz layiqli töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti