Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanılıb və təkcə 2015-ci il ərzində test imtahanlarında iştirak edən 387 orta tibb işçisindən 357 nəfər, müsahibə mərhələsində isə 458 nəfər orta tibb işçisindən 416 nəfər uğur qazanıb. 38 nəfər həkim də həm test imtahanlarını, həm də müsahibə mərhələsini uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıb. 

Hazırda sertifikasiya imtahanları şəffaf şəraitdə davam etdirilir. İyunun 7-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın rayonlarındakı səhiyyə müəssisələrində çalışan tibb bacıları öz bilik və bacarıqlarını sınamalı olublar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə xəstəxananın yeni binasında istifadəyə verilən elektron zaldan istifadə edilir. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

İmtahanlarda suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılıb və kompüterlərə daxil edilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən tibb bacılarına paylanılıb, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilib. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssisləri cəlb etməklə təmin olunub.
İmtahanlarda 239 tibb bacısı iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 181 tibb bacısı sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 58 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən tibb bacıları peşə hazırlığı kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti