Gözəl təbiəti olan Naxçıvan torpağının zəngin bitki örtüyü var. Tarixən bu qədim diyarın əhalisi bu bitkilərdən müxtəlif məqsədlər üçün  istifadə edib. Bu bitkilər bəzən insanların geyiminə, bəzən də dərmanlarına çevrilib, onları müxtəlif xəstəliklərdən qoruyub, səhhəti pozulanlara şəfa verib. Əbəs yerə demirlər ki, təbiətdə bütün xəstəliklərin şəfası var. Bu şəfanı müalicəvi dərman bitkilərindən almaq olar.  Sadəcə, həmin bitkilərin, necə deyərlər, dilini bilmək, onlardan istifadə qaydalarını mənimsəmək lazımdır. Digər bir mühüm məsələ isə bu bitkilərin mühafizə edilib gələcək nəsillərə ötürülməsidir. 

Yurdumuz gül-çiçəkli bahar fəslini yaşayır. Dağların yamacları al-əlvan çiçəklərlə, müxtəlif otlarla örtülüb. Onların arasında minbir dərdə dava olan bitkilər də var. İstirahət günlərində yolumuzu təbiətin qoynuna salanda bu bitkiləri toplayan insanlara da tez-tez rast gəlirik. Təəssüf ki, bəzən bu bitkilərin kortəbii şəkildə toplanmasının da şahidi oluruq.
Bitkilərin insanlar tərəfindən necə toplandığını müşahidə etmək üçün bitki aləmi zəngin olan dağətəyi bir ünvana – Ordubad rayonunun Unus kəndinə üz tutduq. Dörd bir tərəfi yaşıllıqla, şiş uclu dağlarla əhatə olunmuş bu kəndin dərman bitkiləri bitən ərazilərində belə bitkiləri toplayan çox sayda insanın olduğunu gördük. Kənd sakini, yaşı altmışı ötmüş Həbibə Babayeva ilə də burada tanış olduq. Onunla söhbət əsnasında dedi ki, hər il yaz mövsümündə buraya üz tutur, bu bitkilərdən özünə lazım olduğu qədər toplayır, sonra onları qurudaraq il ərzində istifadə edir. Həmsöhbətimiz bizi inandırmağa çalışdı ki, istifadə etdiyi bitkilər həkimlərin ona reseptlə yazdığı dərmanlardan daha çox fayda verir. Ancaq hər bir müalicəvi dərman bitkisindən qədərincə istifadə etmək lazımdır. Bitkilərin yığımında da son dərəcə ehtiyatla davranmalı, sonrakı illərdə bu bitkilərə olan ehtiyacımızı ödəmək üçün onların kökünün kəsilməsinə razı olmamalıyıq.

Buraya Naxçıvan şəhərindən gəlmiş Xədicə Səfərova isə deyir ki, dərman bitkiləri toplamağı və onlardan istifadə etməyi, bir növ, adət halına gətirib. Onları necə toplamaq lazım gəldiyini, tələb edilən kimi toplamağın vacib olduğunu yaxşı bilir: “Bəzən dərman bitkiləri toplamağa gələnlər, bitkilərin çiçəklərini toplamalı olduqları halda, tənbəllik edib kəsə yola əl atır, onları kökündən qoparırlar. Bu hallarla tez- tez qarşılaşıram və həmin adamlara irad tuturam. Deyirəm ki, bu, tək bizim üçün deyil. Yaxşı istifadə etsək, gələcək nəsillər də təbiətimizin bizə olan hədiyyəsindən faydalana biləcəklər. Niyə biz ancaq özümüzü düşünməliyik? Axı bizdən sonra da insanların bu bitkilərə ehtiyacı olacaq”.
“Dərman bitkilərinin toplanması, qurudulması və saxlanılması müəyyən qaydalar gözlənilməklə aparılmalıdır”. Bunu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov deyir: “Azərbaycanda 1800 növdən artıq müalicəvi əhəmiyyətli dərman bitkisi yayılıb və bu, ümumi floramızın 40 faizini təşkil edir. Yemişan, kəklikotu, adaçayı, qırxbuğum, qatırquyruğu, boymadərən, bədrənc, gicitkən, gülxətmi, palıd, söyüd, nar, əvəlik, andız, qaraqınıq, yarpız, dağ nanəsi və sair kimi ehtiyatı bol olan bitkilərdən xalq təbabətində istifadə olunsa da, onlardan hələ də dərman preparatları kimi istifadə edə bilmirik”.
Əsgər Həsənov onu da bildirdi ki, bitkilər heç vaxt yağışlı, sisli və rütubətli havalarda yığılmamalıdır. Yığmaq üçün ən uyğun saat isə 1000-1600 arasıdır. Səhər şehindən nəmlənmiş bitkilər bu saatlar arası artıq qurumuş olur. Yalnız təmiz və ləkəsiz olan bitkiləri toplamaq lazımdır. Qurudulmaq üçün yığılan bitkilər (köklər xaric) qəti yuyulmamalıdır! Bitkinin yığıldığı yerlərin təmizliyi də çox vacibdir. Şəfalı bitkilər avtomobil yolu kənarından yığılmamalıdır. Bitkilərin dərmanlanmamış ərazidən yığılmasına diqqət etmək lazımdır. Əkin sahələri yaxınlığındakı bitkilərin üzərinə gübrə və dərmanların külək vasitəsilə gəlib çatması mümkündür. Ona görə də belə ərazilərdən şəfalı bitkiləri yığmaq olmaz.
Şəfalı bitkiləri yığarkən diqqət edilməsi ən vacib məsələ təbiətə zərər verməməkdir. Bitkilər planlı şəkildə yığılmalıdır. Rast gəldiyimiz bir bitkini bütünlüklə yığmamalıyıq ki, növbəti mövsümdə orada eyni bitkiləri yenə tapa bilək. Çiçəklərini, yarpaqlarını və ya meyvələrini yığdığımız ağaclarla və kollarla asta davranmalı, budaqlarını qırmamalıyıq.
Həmsöhbətim deyir ki, şəfalı bitkiləri yığmaq istəyən şəxs səhvən zəhərli bitki yığmaqla böyük bir problemlə üzləşəcəyinin fərqində olmalıdır. Bitki yığmağa kömək edən uşaqlara da nəzarət edilməlidir. Qəti olaraq tanımadığımız, bilmədiyimiz bitkiləri yığmamalıyıq. Bitkilər aləmi insan həyatı və fəaliyyətində önəmli yer tutur. Təbii sərvətlər içərisində bərpa oluna bilərək tükənməz hesab edilən dərman bitkiləri xüsusilə seçilir. Lakin əsas məsələ heç də bu tükənməz təbii sərvətin bolluğu deyil, ondan necə və nə qədər səmərəli istifadə olunması məsələsidir.
Muxtar respublikamızda 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilər yayılıb. Bu, Azərbaycan florası növlərinin 65 faizini təşkil edir. Bu bitkilərdən bəziləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında geniş istifadə olunan bitki qruplarıdır.
Oxucuları dərman bitkilərinin müalicəvi əhəmiyyəti ilə bağlı məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Çinarə Hüseyn­ovanın fikirlərini öyrəndik. O qeyd etdi ki, dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (efir yağları, mikroelementlər, kumarinlər, müxtəlif vitaminlər, bir sıra turşular və sair) olması ilə əlaqədardır. Bu bitkilərin hər biri müxtəlif dərdlərin müalicəsində qədim zamanlardan istifadə olunur və hal-hazırda da istifadə edilməkdədir. Onlardan məlhəm kimi istifadə olunması o deməkdir ki, xəstəlik üzərindəki effektiv təsirinə görə insanların inamını qazanıb. Belə ki, el arasında istifadə olunanlar sırasında həmərsin, çobanyastığı, kəklikotu, şahtərə, qara­çörəkotu, əməköməci, dəvədabanı, yarpız, əvəlik bitkilərinin adlarına daha sıx rast gəlirik. Bu bitkilərin müalicəvi əhəmiyyəti bir çox insana agah olsa da, çoxları onlardan həddindən artıq və müəyyən edilməmiş həcmdə istifadə edir ki, bu da zamanla orqanizmdə bəzi fəsadların yaranmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı bir orqanımıza xeyirli olan bir bitki başqa bir orqanımız üçün təhlükəli ola bilər. Bütün bunlara görə də insanlar müalicə əhəmiyyətli bitkilərdən istifadə etməzdən əvvəl həkimə müraciət edib onun da rəyini almalıdırlar.
Çinarə xanım onu da bildirdi ki, bütün dərman preparatlarının hazırlanmasında dərman bitkilərindən müxtəlif miqdarda istifadə olunur. Belə ki, müasir dövrdə kimya-əczaçılıq sənayesinin istehsal etdiyi dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil edir. Ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qaraciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90 faizdir. Respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə edilir. Hər il min tonlarla dərman bitkiləri tədarük olunur ki, bu kütlənin 50 faizi yabanı dərman bitkilərindən ibarətdir.
Oxucularımızın diqqətinə onu da çatdırmağı vacib sayırıq ki, muxtar respublikamızda dərman bitkilərinin istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. 2010-cu ildə Şahbuz rayonunda yaradılan “Farma Şah” müəssisəsi Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğuldur. Burada istehsal olunan dərman məmulatlarının muxtar respublika xaricində də satışı həyata keçirilir. “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yasin Babayevin bildirdiyinə görə, müəssisənin qarşıya qoyduğu əsas vəzifə muxtar respublika əhalisinin keyfiyyətli dərman bitkiləri ilə təmin edilməsi, hazırlanan məhsulların ixracyönümlü və rəqabətqabiliyyətli olmaqla beynəlxalq standartların tələblərinə cavab verməsidir.
İstehsal səviyyəsi və istehsal etdiyi məhsulların keyfiyyəti yüksək olsa da, təəssüf hissi ilə qeyd edim ki, şəhərdə yaxınlaşıb: “Farma Şah” müəssisəsi haqda nə bilirsiniz? – deyə ünvanladığım suala, demək olar ki, cavab ala bilmədim. Bu, o deməkdir ki, öz istehsal müəssisələrimizə, öz istehsal məmulatlarımızdan istifadəyə biz hələ xeyli biganəyik.
“Min dərd varsa, minbir də dərman var”, – deyən ulularımız ta qədim zamandan öz xəstəliklərini bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Vaxtilə onlar bu bitkilərin insan üçün əhəmiyyətini dərk edib qorumasaydılar, həmin bitkilər dövrümüzə qədər gəlib çatmayacaqdı. Onlar həm təbii yollarla müalicə metodu, həm də yerli istehsalımız üçün xammal rolunu oynayırlar. Buna görə də bizə köməyi keçən nə varsa, onu qorumalı, başqalarının da kobud rəftarından mühafizə etməli, onların əhəmiyyəti barədə ətrafımızdakıları da maarifləndirməliyik. Çünki bu bitkilərin kökü kəsilərsə, onların faydasından hər kəs məhrum olacaqdır.

 Fatma Babayeva