Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, LOR, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsinin aparılması mümkündür. Mərkəzi sinir sistemi və əzələlərinin fəaliyyətinin müayinə üsulları regionda ilk dəfə olaraq burada tətbiq edilməyə başlanılıb.

May ayının 26-da daha bir uğura imza atılıb. Belə ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları İntiqam Fətullayev, Cabir Gülmalıyev və anestezioloq-reanimatoloq Şahin Mazanov tərəfindən ilk dəfə olaraq müstəqil şəkildə 2 açıq ürək əməliyyatı aparılıb. Babək rayonunun Cəhri kəndindən gəlmiş İbrahim Quliyev və Naxçıvan şəhər sakini İsmayıl İsmayılov əməliyyatdan sonra palataya yerləşdiriliblər. Xəstələr bir neçə günlük müşahidə altında qaldıqdan sonra evə buraxılacaqlar.
Mayın 27-də daha iki əməliyyat aparılıb. Babək rayon Yarımca kənd sakini, 27 yaşlı Sevinc Məmmədova üzərində aortakoronar-şuntlama zamanı ürəyin sağ qulaqcığında olan xoşxassəli şiş kəsilərək götürülüb.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları tərəfindən açıq ürək əməliyyatları bundan sonra mütəmadi şəkildə davam etdiriləcəkdir.
Qeyd edilməlidir ki, indiyədək belə mürəkkəb əməliyyatlar üçün xəstələr ölkəmizin paytaxtına və digər ünvanlara üz tutmalı olurdular. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin yüksək­ixtisaslı həkim heyətinin bir sıra mürəkkəb əməliyyatların, o cümlədən açıq ürək əməliyyatlarının Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həyata keçirməsi yerli mütəxəssislərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynayıb. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində bir sıra mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti