Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müsabiqəyə 10 rəsm işi təqdim olunub.
Müsabiqə başlanmazdan əvvəl Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov və Naxçıvan Özəl Universitetinin prorektoru Əli Yusifov çıxış edərək tədbirin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Müsabiqənin yekun nəticəsinə görə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Tünzalə Orucovanın rəsm işi münsiflər heyəti tərəfindən birinci yerlə qiymətləndirilib. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nuray Vəliyeva ikinci, Naxçıvan Özəl Universitetinin tələbəsi Müseyib Bayramov isə üçüncü yerlərə layiq görülüblər.
Fəxri yerləri tutan və fərqlənən müsabiqə iştirakçılarına Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və hədiyyələri, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti