Yallıların geniş yayıldığı Şərur mahalının qədim oğuz yurdu olmasını sübut edən dəlillər sırasında bu rəqs növü xüsusi yer tutur. Yallı Şərurun qədimlik rəmzi, oğuz möhrüdür. Adı “Dədə Qorqud” dastanlarında çəkilən Şərur elində yallıların əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu mahalının həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.

Üzeyir bəyin xeyir-duası ilə yaradılan ansambl

...1937-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin keçmiş SSRİ Ali Sovetinə Şərur rayonundan deputatlığa namizədliyi irəli sürülür. Seçiciləri ilə görüşə gələn böyük bəstəkarın şərəfinə bədii özfəaliyyət kollektivi konsert verir. Səhnədə bir-birini əvəz edən yallı və rəqslər Üzeyir bəyi valeh edir. Axırda o, bədii özfəaliyyət kollektivinə xeyir-dua verir və tövsiyə edir ki, onlar xalqımızın qədim yallılarını, rəqslərini dünya xalqları qarşısında da nümayiş etdirsinlər.
Əslində, Şərurda ilk yallı qrupu 1924-cü ildən fəaliyyətə başlamışdır. Məhz həmin il yengicəli Həsən bəy adlı bir ziyalı Yengicə, Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər kəndlərin istedadlı gənclərini başına toplamış, unudulmaqda olan yallılarımıza yeni nəfəs vermiş, onu səhnəyə çıxartmışdı. Elə Üzeyir bəyin qarşısında çıxış edən gənc­lərin çoxu Həsən bəyin yetirmələri idi.

Üzeyir Hacıbəylinin Şərura gəlişindən cəmi bir il sonra, yəni 1938-ci ildə “Şərur” Yallı Ansamblı dahi bəstəkarın təşəbbüsü ilə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alır. Oğlanqala kənd sakini Səyyub Abdullayevin rəhbərlik etdiyi yallı ansamblı Üzeyir bəyin etimadını doğruldur, Moskvada böyük uğur qazanır. Bu münasibətlə Üzeyir Hacıbəyli ansamblın kollektivinə təbrik teleqramı göndərir. Beləliklə, Moskvadakı uğurlu çıxışları kollektivi şöhrətləndirir. O vaxtdan yallı ansamblı tez-tez muxtar respublikanın şəhər və rayonlarına, kəndlərinə qastrola çıxır, rəngarəng konsert proqramları ilə çıxış edir. Elə bir bayram tədbiri olmur ki, yallı qrupu orada öz məharətini göstərməsin.
Bu gün də “Şərur” Xalq Yallı Ansamblı axtarışdadır. Kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda ansamblın proqramında 30-dan çox yallı və rəqs vardır. “Qaladan-qalaya”, “Hoydu, nərim”, “Qazı-qazı”, “Urfanı”, “Tirmə şal”, “Gülümhey”, “Xələfi” yallıları, “Üzüm”, “Bayram”, “Fəridə” rəqsləri tamaşaçıların böyük rəğbətini qazanmışdır. Ansambl gənc ardıcıllarını yetişdirmək sahəsində də səmərəli fəaliyyət göstərir.
“Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri Əfsər Novruzov deyir ki, yallının hər bir növündə xalqımızın qəhrəmanlıq mübarizəsi yaşayır. Götürək elə “Urfanı”nı; sənətşünasların fikrincə, bu yallının mayasında mənfur düşmənlə mübarizə əhval-ruhiyyəsi var. İlk ağır yerişlər düşmən üzərinə irəliləyişə işarədirsə, orta mərhələdəki hərəkətlər – döyüş əhval-ruhiyyəsi sanki kimin qalib gələcəyini aydınlaşdırır. Rəqsin sonundakı qələbəlik, şadyanalıq isə döyüşün qələbə ilə başa çatdığının bədii təsviridir.
“Şərur” Xalq Yallı Ansamblı 1972-ci ildə Almaniyada, 1984-cü ildə Polşada, 2001-ci ildə Misirdə Beynəlxalq Folklor festivallarının laureatı olmuşdur. Bundan əlavə, ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1987-ci ildə Türkiyənin İskəndəriyyə şəhərində keçirilən Beynəlxalq Folklor Bayramında, 1998-ci ildə Bayburt şəhərində keçirilən “Dədə Qorqud” Festivalında maraqlı pro­qramlarla çıxış etmişdir. 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında 57 ölkənin folklor kollektivi arasında ansambl birinci yeri tutmuş, festivalın mükafatına və diplomuna layiq görülmüşdür.
“Şərur” Xalq Yallı Ansamblı keçən il sen­tyabr ayının 7-dən 9-dək Masallı rayonunda keçirilən Beynəlxalq Folklor Festivalında muxtar respublikamızı təmsil etmiş və festivaldan hədiyyələrlə qayıtmışdır.

“Nurani” tamaşaçıları valeh edir

Azərbaycan Respublikasının xalq artisti, baletmeyster Əminə Dilbazi, yazıçı-ssenarist Tofiq Cəbiyev, rejissor Nazim Qazıyev 1975-ci ilin yazında Şərura gəlib bildirmişlər ki, üç nəslin – yaşlı, orta və uşaq qruplarının ifası ilə qədim yurd yerinin yallıları əsasında televiziya filmi çəkmək fikrindədirlər. Rayonda orta və uşaq yaş qruplarında yallı ansamblları var idi. Yaşlılardan ibarət yallı qrupu yaratmaq vəzifəsini Əminə xanım öz üzərinə götürmüşdür. Soruşmuşdur ki, rayonun el şənliklərində qədim yallılarımız ən çox hansı kənddə ifa olunur? Çərçiboğan kəndinin adını çəkmişlər. O ərəfədə kənddə toy var imiş. Əminə xanım düz üç gün-üç gecə toyu izləmiş, cavanların, yaşlı qadınların, kişilərin rəqslərinə, yallılarına tamaşa etmişdir. Kəndi tərk edərkən qeyd dəftərçəsinə rəqslərini, yallılarını bəyəndiyi yaşlı kişilərin adlarını yazmışdır: “Azad Ramazanov, Yarəli, Kamil, Ələsgər Məmmədovlar, Hüseyn, Nəcəf Mehdiyevlər, Zülfüqar, Həmid Cabbarovlar, Mustafa, Elbəyi Zamanovlar, Ələsgər Novruzov, Fərəməz Mahmudov, nağaraçalan Ələkbər Məmmədov, zurnaçalan Hüseyn, dəmtutan Nəsrulla İsmayılovlar”. Əminə Dilbazi folklor ansamblına ad da seçmişdi: “Nurani”. Tanınmış baletmeysterin təşəbbüsü və yaxından köməyi ilə Çərçiboğan kənd mədəniyyət evində yaradılan ansamblın bədii rəhbərliyi Bahaddin Əsgərova tapşırılmışdır. 1975-ci il sentyabrın 20-də “Nurani” folklor ansamblı üzvlərinin ifası Azərbaycan televiziyasında “Şərur yallıları” televiziya filmində nümayiş etdirilmişdir.
“Nurani” ansamblının ilk ifaçılarından biri, hazırda ansamblda fəaliyyət göstərən 80 yaşlı Ələsgər Məmmədovla həmsöhbət olduq. Onun dediklərindən:
– Yallı rəqslərin ən geniş yayılmış növüdür. Necə deyərlər, gözümü dünyaya açandan kəndimizin toylarında ağsaqqalların, ağbirçəklərin, ümumiyyətlə, kənd sakinlərinin çoxunun qədim yallılarımızı məharətlə ifa etdiklərinin şahidi olmuşam. Əvvəllər kəndimizdə üç gün-üç gecə toy çalınardı. Hər gecə toyun sonunda mütləq yallı gedilərdi. Uşaq, böyük, qadın, bir sözlə, hamı bir-birinin əlindən tutub sanki xalqımızın birliyini nümayiş etdirərdilər. Kəndimizin küsülülərinin də əksəriyyəti bax bu məqamda, əl-ələ, qol-qola verəndə barışardılar. Düzdür, artıq toylarımızın vaxtı qısalıb. Amma yenə də el şənliklərimiz yallısız ötüşmür. Toya getdimsə, mütləq yallı getməliyəm, onda xeyli yüngülləşirəm. Bəlkə də, bu sinnimdə qıvraq, gümrah qalmağımın əsas səbəbi budur. Sanki yallı ilə nəfəs alıram. Bunları deməkdə məqsədim odur ki, “Nurani” folklor ansamblının məhz bizim kənddə yaranması heç də təsadüfi olmamışdır.
1988-ci ildən “Nurani” folklor ansamblının bədii rəhbəri Bəxtiyar Mehdiyevdir. O həm də Çərçiboğan kənd mədəniyyət evinin direktorudur. Bəxtiyar Mehdiyevi də dinlədik:
– Qədim yallılarımızın müxtəlif ölkələrdə nümayiş etdirilməsində “Nurani” ansamblının da özünəməxsus yeri vardır. Ansambl 1988-ci ildə Moskvada və 1998-ci ildə Türkiyə Respublikasının Bayburt şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında iştirak etmişdir. Ötən il “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində ansambl iştirak etmişdir. İyulun 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müsabiqənin qala konsertində ifa etdiyimiz “Urfanı” yallısı tamaşaçıların alqışları ilə qarşılanmışdır. Beləliklə, müsabiqədə folklor üzrə ansamblımız ikinci yerə layiq görülmüşdür.

“Şərur qönçələri” “Nurani”nin davamçısıdır

Muxtar respublikamızda uşaq musiqi kollektivləri, yallı, rəqs ansamblları az deyil. Hərəsi də özünəməxsus dəst-xəttə, üsluba, seçim, təqdim imkanlarına malikdir. Yeni nəsil yallı və rəqs kollektivləri, gənc ifaçılar arasında Şərur Şəhər Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən “Şərur qönçələri” Uşaq Yallı Ansamblının özünəməxsus yeri var. Kollektivdə 9-13 yaşlarında 30 nəfər oğlan və qız qədim milli rəqslərimizin incəliklərini öyrənir.
Hərəsi bir ailədən, ocaqdan gələn qızları, oğlanları bir ünvana – Şərur Şəhər Mədəniyyət Sarayına toplayan, uşaqlarla işləməyi çox sevən, bilik və bacarığını onlardan əsirgəməyən, hər birinin nazını çəkən ansamblın rəhbəri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səttar Əhmədovdur.
Azərbaycan xalq rəqslərini, yallıları ifalarında sonsuz coşqu ilə zənginləşdirən “Şərur qönçələri” Uşaq Yallı Ansamblını respublikamızda olduğu qədər, qardaş Türkiyədə də yaxşı tanıyırlar. Ansambl yarandığı 1998-ci ildə Ankara şəhərində keçirilən “Uşaq bayramı”na dəvət alıb. 23 aprel 2006-cı ildə ansambl Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Uşaq bayramı” şənliklərində müvəffəqiyyətlə çıxış etmişdir. 2007-ci və 2008-ci illərin mart ayında isə Türkiyə Respublikasının İqdır şəhərində keçirilən Novruz bayramı şənliklərinə qatılan ansambl uğurla çıxış etmiş və rayona hədiyyələrlə qayıtmışdır.
Azərbaycan musiqi sənətinin inkişafı, peşəkar incəsənət işçilərinin yetişdirilməsi, onların böyük səhnələrə çıxması istiqamətində atılan addımlar “Şərur qönçələri”ndə bəhrələrini verir. Milli ənənələrimizin qorunub-saxlanması, xalq rəqslərinin təbliği, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsi məqsədilə 2008-ci ildə keçirilən rəqs kollektivlərinin I Respublika Festivalında muxtar respublikamızı “Şərur qönçələri” təmsil etmişdir. Festivalda “Xələfi”, “Tənzərə”, “Tirməşal” rəqslərini ifa edən kollektiv Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunmuşdur. 2009-cu ilin mayında isə Bakı şəhərində uşaq-rəqs kollektivlərinin II Respublika Baxış-Festivalı keçirilmişdir. Festival qaliblərinin yekun konsertində 14 kollektiv arasında “Şərur qönçələri” ansamblı da olmuşdur. Münsiflər heyətinin qərarı ilə “Şərur qönçələri” diplom və hədiyyələrə layiq görülmüşdür.
Şərur yallıları indi intibah dövrünü yaşayır. “Şərur”, “Nurani” və “Şərur qönçələri” yallı ansamblları hələ bundan sonra da neçə-neçə ölkənin qonağı olacaq, milli rəqslərimiz, yallılarımız hələ çox xalqları ovsunlayacaqdır.

Cəfər ƏLİYEV