Çaylar dolu buz gəlir,
    Əldə çörək, duz gəlir.
    Müjdə verin, ay ellər,
    Yurduma Novruz gəlir.

Hər dəfə axar çaylarımız gurlaşanda, ağacların budaqları tumurcuqlayanda, buludlar dolmuş gözlərini sıxanda təbiətdə bir möcüzə baş verir: Yer-göy oyanır, torpaq cana gəlir, göydə Günəş təzələnir. Elə bu vaxt yaz qanadından, bahar qoynundan bir gün doğur – Novruz!
Novruzda insan sanki mənən saflaşır, durulur, ürəklərə ən xoş duyğular yol tapır. Hər dəfə Novruz üzünə, əziz gün qədəmlərinə açılan qapılarımızı bahar döyəndə Azərbaycan torpağı al-əlvan bir xalını xatırladır.
Ulu əcdadlarımızdan yadigar qalan Novruz Azərbaycan xalqının ən ülvi, ən müqəddəs bayramlarındandır. Qışın bitməsi, yazın gəlişi ilə yaranan dünya yaşıdı bu qədim ümumxalq bayramı xalqımızın zəngin, qədimdən-qədim adət-ənənəsini, milli dəyərlərini özündə yaşatmaqdadır.

Novruzda hamı çağlayan bahar sularına, yurdumuzun yaşıl yamaclarına qucaq açmış ana torpağa, təbiəti öz alovu ilə cana gətirən oda üz tutur... Novruz hamımızın intizarla gözlədiyi Günəşi gətirir bizə. Həyətlərdə, meydanlarda tonqallar qalanır. Köhnə ilin ağırlığı, uğurluğu tonqala tökülür, təzə arzu, təzə nəfəslə yeni il qarşılanır.
Novruz bayramına qədər hər həftə bir çərşənbəni təmtəraqla qarşılayıb məhəbbətlə yola salmışıq. Hər çərşənbənin də öz adı, öz mənası, öz yozumu var.
Novruzun çərşənbələrindən birincisi su çərşənbəsidir. Həmin çərşənbədə sübh çağı insanlar bulaq başına gedər, axar suyun üstündən yeddi dəfə tullanarlar. Sonra da yeddi bulaqdan yeddi daş gətirib azuqə yığılan qabların içinə atarlar ki, evin bərəkəti bu daş kimi yerindən tərpənməz olsun.
Novruzun ikinci çərşənbəsi od çərşənbəsidir. İnsanlar həyətlərdə qalanmış tonqalların üstündən niyyət tutmaqla tullanarlar. Bu çərşənbə torpağın isinməsinə işarədir.
Üçüncü çərşənbə “yel çərşənbəsi” adlanır. Bu çərşənbədən sonra havaların artıq getdikcə isindiyi müşahidə olunur. Beləliklə, əkin işinə hazırlaşmağın vaxtıdır.
Novruzun sonuncu çərşənbəsi olan torpaq çərşənbəsində əkiləcək toxuma, tinglərə həyat verən torpaq oyanır. Bu çərşənbəyə köhnə ilin axırıncı çərşənbəsi olduğuna görə “ilaxır çərşənbə” də deyirlər. Həmin gün bütün evlərdə naz-nemətlər süfrəyə düzülər. İnanclara görə, həmin axşam süfrəyə “s” hərfi ilə başlayan yeddi nemət düzülməlidir. Həmin axşam qulaq falına çıxılar və yeddi qapı pusular; ilaxır çərşənbələrdən sonra yeddi gün Novruz şənliyi olar.
Nəsildən-nəslə, əsrdən-əsrə keçərək bu günə qədər yaşayan Novruz xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü ilə qırılmaz tellərlə bağlıdır.
Novruz sülh və barış bayramıdır. Bu bayramda heç kəs küsülü qalmaz, kimsə kimsənin qəlbini incitməz, qalmaqala, dava-dalaşa yol verilməz, insanlar bir-birlərinə şən və firavan ömür arzulayar, süfrələrin bərəkətli, bol ruzili olmasını diləyərlər. Bu, Novruzun bəşəriliyinə dəlalət edən amillərdəndir.
Bəli, Novruz ilin başlanğıcı, yazın gözəllik çağıdır. Gözün aydın, ulu yurdum! Üçrəngli bayrağı mavi səmalarda əzəmətlə dalğalanan müstəqil Azərbaycan yeni əsrin 13-cü Novruzunu qarşılayır. Qədəmləri sayalı olsun!

Aydın TARVERDİYEV