“Naxçıvanlı şair və yazıçıların son altı ildə 350-dən çox kitabı və 3 almanaxı çap olunub. Hazırda Yazıçılar Birliyi tərəfindən uşaqlar üçün bir kitab, tərcümə əsərlərindən ibarət başqa bir kitab, gənclərin yaradıcılığını əhatə edən almanax hazırlanır”. Bu fikirləri Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 21 mart – Beynəxalq Poeziya Gününə həsr olunmuş tədbirində çıxış edən birliyin sədri Asim Yadigar səsləndirib. 21 mart – Beynəlxalq Poeziya Gününün tarixindən danışan Asim Yadigar qeyd edib ki, YUNESKO-nun qərarı ilə 2000-ci ildən etibarən hər il mart ayının 21-i Beynəlxalq Poeziya Günü kimi qeyd olunur. Ölkəmizdə isə Beynəlxalq Poeziya Günü 2007-ci ildən qeyd edilir. Beynəlxalq Poeziya Günü ərəfəsində Azərbaycan şairləri, poeziya həvəskarları bir araya toplaşaraq yaradıcılıq mübadiləsi aparırlar. Beynəlxalq Poeziya Günü 2008-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Elə həmin ilin yanvar ayından göstərilən dövlət qayğısı ilə birlik yeni binada fəaliyyət göstərir. Muxtar respublikada yazıb-yaradan şair və yazıçılarımızın əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazlı “Poeziyamız bu gün”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi, şair Elxan Yurdoğlu “Gənc yazarların yaradıcılığı barədə söz” mövzularında çıxış ediblər. 
Həmid Arzulu və Şirməmməd Qüdrətoğlu dünya ədəbiyyatından tərcümə etdikləri poeziya nümunələrini, Yazıçılar Birliyinin üzvlərindən Vaqif Məmmədov, Xanəli Kərimli, İbrahim Yusifoğlu, Səhlab Məmmədov və başqaları isə öz yaradıcılıqlarından şeirlər səsləndiriblər. Naxçıvan ədəbi mühitində gəncliyin səsinin də getdikcə daha gur səslənməyə başladığının vurğulandığı tədbirdə gənc şairlərdən Qafar Qərib, Elnur Kəlbizadə, Sona Yaqublu, Ruhəngiz Əliyeva, Tural Atəş, Humay Nur və başqaları yaradıcılıq nümunələrini oxuyublar.
Yığıncağa yekun vuran Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 21 mart – Beynəlxalq Poeziya Günü və Novruz bayramı münasibətilə şair və yazıçıları təbrik edib, qələm dostlarına yaradıcılıq uğurları arzulayıb.

Xəbərlər şöbəsi