Bakı şəhərində keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Liviyanın “Turasu Libya Makam” qrupunun muxtar respublikamızda konserti olub.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının muğam kollektivi və Liviyanın “Turasu Libya Makam” qrupu eyni səhnəni bölüşüblər.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, muğam xalqımızın milli-mədəni sərvətidir. Muğam sənətinə bu gün dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, gənc­lər arasında bu sahəyə maraq xeyli artıb, istedadlı və bacarıqlı muğam ifaçıları yetişib. Mart ayının 9-da Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub. Festival ölkəmizin ayrı-ayrı bölgələrində davam edir. 24 ölkədən muğam ustalarının qatıldığı festivalda “Turasu Libya Makam” qrupu da iştirak edir.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının Muğam qrupunun solistlərindən Zülfüqar Mahmud­ovun, Qəribə Həsənovanın, Mehman Tağıyevin ifasında muğamlar səsləndirilib. Sonra “Turasu Libya Makam” qrupu maraqlı konsert pro­qramı ilə çıxış edib.
Konsert proqramından sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva qonaqlarla görüşərək maraqlı konsert proqramı münasibətilə onları təbrik edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından qonaqlara hədiyyələr təqdim olunub.  

Səbuhi HÜSEYNOV