Milli-mənəvi dəyərlərimizin əsas göstəricilərindən olan adət-ənənələrimiz uzun əsrlər boyu xalqımızın ruhunu, bədii-estetik dünyagörüşünü, həyat fəlsəfəsini, etnoqrafiyasını, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor nümunələrimiz məhz adət-ənənələrimizlə müasir dövrümüzə qədər gəlib çatmışdır. Tarixi kökləri qədim milli dəyərlərimizə, zəngin adət-ənənələrimizə, bayram və mərasimlərimizə söykənən mənəvi mədəniyyətimiz adət-ənənələr məkanında klassikləşərək mədəni bəşəri irsə çevrilmişdir.
Hər bir adət-ənənə isə müəyyən əxlaqi məzmun və məna daşıyır. Onları qoruyub saxlamağı bacarmamaq cəmiyyətdə ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə onun ictimai mühiti və ətrafı arasında ziddiyyətin meydana gəlməsinə səbəb olur. Yazılmamış əxlaq və ünsiyyət qanunlarını özündə əks etdirən adət-ənənələrə bələd olduqca insan özünüdərk prosesində mənsub olduğu xalq haqqında ətraflı biliklər əldə edir. Bunu əxz etmək isə insanın hisslərini, duyğularını ülviləşdirməklə təfəkkürünü dərinləşdirir, onun mentalitetini zənginləşdirir. Nəticədə, son dərəcə dərin düşüncə sahibi olan fərdlərdən ibarət cəmiyyət daha da saflaşır, büllurlaşır. Məhz bu kontekstdən yanaşdıqda, xalqımızın milli mədəniyyətinin köklərini araşdırdıqda xalqın ictimai həyatında Novruz bayramının əvəzsiz inci olduğunun şahidi oluruq. İslamaqədərki bayramlar arasında Novruz yeganə bayramdır ki, onun elliklə qeyd olunduğu günə qədər insana həyat verən dörd müqəddəs ünsürün – suyun, odun, yelin (havanın) və torpağın isinməsi, “dirilməsi” şərəfinə ilaxır çərşənbələrdə mərasimlər icra olunur.

Bu çərşənbələrdən biri də xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə”, “küləkli çərşənbə” adları ilə tanınan yel çərşənbəsidir. Əski inam və etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Bu çərşənbədə əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr isə, ehtimal ki, yelin özünün təmizlənməsi kimi qəbul edilir. Etiqadlara görə, qara nəhrdə (çayda) yatmış dörd cür külək Yer üzünə çıxaraq təmizlənir və hər biri ayrı-ayrı libasda özünü göstərir. Maraqlıdır ki, libaslarının adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rəng­lərin mifik mənaları xüsusi anlam daşıyır. Belə ki, türk mifologiyasında ağ yel ağ libasda, qara yel qara libasda, xəzri göy libasda, gilavar isə qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır. Beləliklə, Yer üzərini gəzib dolanan yel təsəvvürdə antropomorfik obraza çevrilir. Daha erkən təsəvvürlərdə isə küləklə eyni kökdən olan yel kult və tanrı səviyyəsində təsvir olunmuşdur. Mənbələrə görə, yel ya özü tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Yelin tanrı anlamı xalqımızın şifahi təfəkküründə uzun zaman yaşamışdır. Bir sıra adət-ənənələrdə, bayram və mərasimlərdə yel tanrısına sitayiş əks olunmuşdur. El ədəbiyyatımızda yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və sair nümunələr yaranmışdır. 
Həyat və məişətimizin ulu qaynaqları ilə bağlı olan Novruzönü keçirilən çərşənbələrin adı ilə əlaqədar yaranan ağız ədəbiyyatı janrlarında yel ünsürü də öz əksini tapmışdır: “Yelin zarafatı qovmaqla başlanır”, “Yel apardığını qaytarmaz”, “Yelə qoşulan çox uzağa getməz”, “Yeldən iman diləməzlər” kimi atalar sözləri, “Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar”, “Yeli əsdirəni söyməzlər”, “Taxıl sovrulanda yel baba bərk əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda yel baba insafa gəlib yavaş əsər”, “Yel baba xırmana gəlməmişdən qabaq xırmandan buğda, dən götürməzlər” kimi inanclar, “Əl ilə tutmaq olmaz, göz ilə gör­mək olmaz” və başqa tapmacalar belə nümunələrdəndir.

Nizami ƏZİZƏLİYEV