Azərbaycan peşəkar milli teatrının yaradılmasından 140 il ötür

140 il bundan əvvəl – 1873-cü il mart ayının 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulmuşdur.
Azərbaycanda teatr sənətinin, xalq teatrımızın tarixi çox-çox qədimlərdən başlayır. Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq qeyd etmək olar ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələri kimi çox maraqlıdır. Xalqımızın yaradıcı təfəkkürünü əks etdirən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar milli teatrın yaranmasında əhəmiyyətli rol oynamışlar. Azərbaycan milli teatrının yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi xidmətləri olmuşdur. Yaxın Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində, estetik zövqünün formalaşmasında böyük rol oynamış, mütərəqqi ideyaların yayılmasına, teatrın işıqlı amalların carçısına çevrilməsinə səbəb olmuşdur.

Azərbaycan teatrının inkişafı, teatrlarımızın yaradıcılıq axtarışının genişləndirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”, – deyən ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi illərdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi yaranmışdır. Əgər 1969-cu ilə qədər ölkə­mizdə cəmi 12 peşəkar teatr fəaliyyət göstərirdisə, hazırda Azərbaycanda 30-a yaxın peşəkar, 50-dən artıq xalq teatrı vardır. Müstəqillik illərində Azərbaycan teatrlarına diqqət və qayğı daha da artırılmış, aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, teatr kollektivlərinin əməkhaqları artırılmış, görkəmli aktyorların, dramaturqların, rejissorların yubileyləri qeyd olunmuş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də teatr sənətinin inkişafına xüsusi diqqət göstərir, bu sahədə səmərəli islahatlar həyata keçirir. Dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli, “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 18 may 2009-cu il tarixli sərəncamları bunu bir daha təsdiq edir. Azərbaycan teatrının inkişaf perspektivlərini müəyyənləşdirən bu dövlət sənədləri milli-mədəni sərvətimizə çevrilən səhnə sənətimizin yaradıcılıq ənənələrinin qorunmasında, teatrların maddi-texniki bazalarının gücləndirilməsində mühüm əhəmiyyətə malikdir. Bu il martın 3-də dövlət başçısı “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqın­da” Sərəncam imzalamış, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilmişdir. Həmçinin ölkə Prezidenti “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” da Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq-İslam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi, bütünlüklə, milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri əvəzsizdir”.
Teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür. Son illər Naxçıvanın mədəni həyatında mühüm rol oynayan teatrlarımız yüksək dövlət qayğısı ilə əhatə olunmuş, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikamızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Ötən il fevral ayının 3-də isə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində kollektivin qarşısına mühüm vəzifələr qoyaraq demişdir: “Bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, vətənpərvərlik mövzularında tamaşalar göstərilməli, teatr tamaşaçı rəğbəti qazanmalıdır”.

2012-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının repertuarı zəngin olmuşdur. Belə ki, martın 10-da teatr Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Şəfaət Mehdiyevin “Mirzə Fətəli” pyesini teatrsevərlərə təqdim etmiş, böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə ədibin “Şeyx Sənan” faciəsi səhnələşdirilmiş, Üzeyir Hacı­bəylinin “Koroğlu” operası əsasında kompozisiya hazırlanmışdır.
Beynəlxalq təcrübənin işdə tətbiqi, qastrol səfərləri, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi, milli dəyərlərin yaşadılması bu gün Naxçıvan teatrının əsas fəaliyyət istiqamətini təşkil edir. İndi Naxçıvan teatrının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Teatr kollektivinin son illərdə Türkiyənin Ankara, Bursa, Ərzurum, İqdır, Dənizli, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində göstərdiyi tamaşalar sənətsevərlər tərəfindən maraqla qarşılanmış, Türkiyənin Tarsus şəhərində keçirilən “Türk Dünyası Teatr Günləri” Festivalında Q.Lessinqin “Müdrik Natan” ikihissəli dramı, Hüseyn Cavidin Ankara və İstanbulda keçirilən 130 illik yubiley tədbirlərində “İblis” tamaşası teatrsevərlərə təqdim olunmuşdur. Ümumiyyətlə, son illər səhnəyə qoyulan “Topal Teymur”, “İblis”, “Səyavuş”, “Dirilən adam”, “Fərhad və Şirin”, “Nadir şah”, “Pompeyin Qafqaza yürüşü”, “Atillanın atlıları”, “Atabəylər”, “Araz sahilində doğan Günəş”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qana qan qarışdı”, “Qönçəbəyimin nəğməsi” kimi uğurlu tamaşalar onu göstərir ki, Naxçıvan teatrı inkişaf yolundadır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək dövlət qayğısı ilə əhatə olunmuş, 2004-cü ildə yeni bina ilə təmin edilmişdir. Teatr fəaliyyəti dövründə Azərbaycanda keçirilən kukla teatrları həftəsində iştirak etmiş, xarici ölkə­lərdə keçirilən Beynəlxalq Kukla Teatrları festivallarında respublikamızı uğurla təmsil etmişdir. Kukla Teatrı 2009-cu ildə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən “13-cü Uluslararası Qaragöz Kölgə və Kukla Oyunları” Festivalında, 2010-cu ildə isə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların Fantaziyası” I Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmiş və festivalların diplomuna layiq görülmüşdür. Teatr ötən ilin aprel ayında Düşənbə şəhərində keçirilən “Kuklaların Fantaziyası” III Beynəlxalq Kukla Teatrları Festivalında da uğurla iştirak etmiş, Səbuhi Hüseynovun “Möcüzəli adanın sakinləri” tamaşasını festival iştirakçılarına təqdim etmişdir. Teatrın müxtəlif illərdə hazırladığı “İbrət dərsi”, “Qırmızı papaq”, “Qaraca qız”, “Əshabi-Kəhf”, “Ağ atlı oğlan”, “Təpəgöz”, “Gözəl bahar”, “Çay dəstgahı”, “Yazıya pozu yoxdur”, “İlanlar kraliçası küknar” və başqa tamaşalar balaca tamaşaçıların estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. Hazırda teatrın kollektivi Nağı İsmayılzadənin “Ağca və Bozca” və Səbuhi Hüseynovun “Seymurun sirli dünya­sı” əsərləri əsasında yeni tamaşalar hazırlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı Azərbaycanda fəaliyyət göstərən iki uşaq teatrından biridir. 7 illik fəaliyyəti dövründə teatrın hazırladığı “Cəsur dovşan”, “Yaxşılıq itmir”, “Meşə əhvalatı”, “Fəridin yuxusu”, “İgidlik imtahanı”, “İki qardaş” və başqa tamaşalar balaca tamaşaçıların qəlbinə yol tapmağı bacarmışdır.
Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən xalq teatrlarının inkişafı, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Xalq teatrları hazırladıqları uğurlu səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanmışlar. Ötən il muxtar respublikanın xalq teatrları tərəfindən hazırlanmış “Solğun çiçəklər”, “Ezop”, “Beş manatlıq gəlin”, “Rəhmə gəl, mələyim” kimi tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Son illər Naxçıvanın teatr tarixinin tədqiqi ilə bağlı da mühüm işlər görülmüş, bir sıra monoqrafiya və kitablar nəşr edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə nəfis şəkildə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı mədəniyyət tariximizin parlaq hadisəsi, dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Bu kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı sənədlər, fotoşəkillər, araşdırma materialları işıq üzü görmüşdür.
Muxtar respublikanın teatr kollektivlərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə yaradıcı heyət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.

Bütün dövrlərdə xalqa xidmət etmiş, mütərəqqi ideyaların daşıyıcısı, milli oyanış və dirçəlişin carçısı olmuş Naxçıvan teatrı bundan sonra da milli ruhun daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnəyə gətirməklə insanların estetik tərbiyəsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi sahəsində öz fəaliyyətini gücləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti