Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Aşıqlar Birliyi üzvlərinin, Naxçıvan Musiqi Kolleci tələbələrinin, muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz sinfi şagirdlərinin birgə konserti olub. Muxtar respublikada aşıq sənətinin təbliğinə, gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təkan verən, saz-söz bayramı ab-havasında keçən bu tədbir Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilib.
Konsertdə Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən aşıq Könül Taroyeva, Tural Bağırov, Aydın Cəfərov, Şirin Şirinzadə, Zeynəb Yusifova və başqalarının çıxışları olub. Onlar “Şah sarayı”, “Azaflı gəraylısı”, “Dilqəmi”, “Ağır şərili”, “Gəraylı”, “Yüngül şərili”, “Baş sarıtel” və başqa aşıq havalarını ifa ediblər. Saz-söz ustalarımızı balabanda Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əli İsmayılov müşayiət edib. Sonra söz aşıq sənətinin davamçılarına verilib. Naxçıvan şəhərində və bölgələrimizdə aşıq sənətinin sirlərinə yiyələnən, gələcəkdə saz-söz ustaları olacaq uşaqlar da ifaların keyfiyyəti baxımından öz sələflərindən geri qalmayıblar. Milli dəyərimiz olan aşıq sənətinin davamçılarından Elvin Sadıqovun, Xumar Əliyevanın, Həsən Həsənlinin, Kənan Həsənlinin, Leyla Kərimovanın, Elnur Həsənovun və digərlərinin ifaları konsertə xüsusi rəng qatıb, mədəni irsimizi yaşadanların hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi