Dünən Naxçıvan şəhərində nəğməkar şair İslam Səfərlinin anadan olmasının 90 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov açaraq bildirmişdir ki, son illərdə ədəbiyyatımızda özünəməxsus yaradıcılıq dəst-xətti olan şair və yazıçılarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər ədəbiyyatımızın inkişafına xidmət edir. Bu mənada cari ilin yanvar ayının 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən sərəncamın imzalanması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı hesab edilə bilər.

İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Əsgərova çıxış edərək İslam Səfərlinin həyat və yaradıcılığından danışmışdır. Qeyd olunmuşdur ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq İkinci Dünya müharibəsində iştirak etmişdir. İslam Səfərlinin müharibə illərində qələmə aldığı şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu şairin poemalarında da öz əksini tapmışdır. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmış, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun 18 kitabı işıq üzü görmüşdür. 
Bildirilmişdir ki, şair-dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Səfərli poetik duyumu ruhu oxşayan bir sənətkar, təmiz mənəviyyatı, saf duyğuları, ülviyyəti insanlara və insanlığa məlhəm bilən unudulmaz bir şairdir. Şairin yaradıcılığına nüfuz etdikcə hiss edirsən ki, o, gözəlliyin, gözəl olanın aşiqidir, ülviyyətin, təmizliyin, müqəddəsliyin vurğunudur. Bununla da, şair sanki mənəvi olanı, əxlaqiliyi, tərbiyəviliyi gözəllik timsalı ilə qəlbə və idraka hopdurmağa çalışır. İslam Səfərli yaradıcılığında Azərbaycanımızın bütöv bir xəritəsi canlanır. Bu xəritədə ölkənin şəhərlərinin, kəndlərinin, təbii gözəlliklərinin, axar-baxarlı mənzərələrinin, dağlarının, meşələrinin, çaylarının, göllərinin təsviri əsl təbiətsevər kimi böyük vətənpərvərliklə vəsf edilmişdir. Onun Naxçıvanla bağlı şeirləri böyük bir silsilə təşkil edir.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri İslam Səfərli yaradıcılığının məhsulu olan söz incilərini bədii qiraət etmişlər. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının solistlərindən Arzu Fərzəliyevin, Ədalət Hüseynovun, Səyavuş Nəcəfovun, Xatirə Səfərovanın və başqalarının ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.

 Səbuhi HÜSEYNOV