Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində keçirilən “Anamın kitabı” ədəbi məclisinin növbəti yığıncağı Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunub. Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 21 il bundan əvvəl Xocalıda erməni vandalları tərəfindən törədilən qanlı soyqırımının əsrin ən böyük faciəsi olduğunu deyib. Qeyd olunub ki, baş verən soyqırımının dəhşətləri haqqında həqiqətlər nəinki azərbaycanlı müəlliflərin, hətta xarici ölkələrdən olan araşdırmaçı və jurnalistlərin əsərlərində də öz əksini tapıb. Hətta bir çox erməni müəllifləri törədilən bu qanlı hadisələrlə əsərlərində öyünərək bu vəhşiliyə qəhrəmanlıq donu geyindirməyə çalışıblar. Vurğulanıb ki, Xocalı soyqırımı haqqında həqiqətlərin bugünkü və gələcək nəsillərə çatdırılmasında yazıçı və şairlərimizin üzərinə böyük bir vəzifə düşür.
Birlik üzvlərindən Əbülfəz Muxtaroğlu, Dilsuz Dünyamalıyev, Elxan Yurdoğlu və başqaları Xocalı faciəsinə həsr etdikləri şeirləri oxuyub, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi haqqında fikirlərini bölüşüblər.

Xəbərlər şöbəsi