Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində bu təhsil ocağının müəllim və şagirdləri ilə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı üzvlərinin görüşü keçirilib. Görüşün təşkilində məqsəd muxtar respublikada yaşayıb- yaradan bəstəkarlar və onların yaradıcılığı ilə Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllim və şagirdlərinin tanış olması idi.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, muxtar respublikada uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müasir binalar tikilərək istifadəyə verilir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binasının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Qeyd olunub ki, bu gün muxtar respublikada musiqi məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə edib, son illərdə 20-yə yaxın musiqi məktəbi üçün bina inşa olunaraq və ya əsaslı yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, Naxçıvanda musiqi sənətinin inkişafı üçün böyük potensial var və bu potensialdan səmərəli istifadə edilir.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək bildirib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin zənginləşməsi yolunda uğurlu fəaliyyət göstərir. Bu gün muxtar respublikada bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Artıq naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi böyük konsert salonlarında səsləndirilir. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı yaradıcılıq imkanlarını daha da genişləndirib, bəs­təkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırıb. Son illər Naxçıvan bəstəkarlarının qazandıqları uğurlar, muxtar respublikada gənc musiqiçilərin yetişməsi istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait mədəniyyətin, o cümlədən musiqinin inkişafına göstərilən yüksək qayğının nəticəsidir. Bu gün muxtar respublika Bəstəkarlar Təşkilatının işində böyük irəliləyişlər müşahidə olunur, naxçıvanlı bəstəkarlar müxtəlif janrlarda yazdıqları əsərlərlə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirirlər. 
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Musiqişünaslıq və metodika kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva muxtar respublikada yaşayıb-yaradan bəstəkarlar haqqında tədbir iştirakçılarına məlumat verib.
Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdlərindən fortepianoda Zümrüd Qədim­ovanın, skripkada Rüzalə Əliyevanın və vokal qrupunun ifaları olub. Bəstəkarlardan Yaşar Xəlilov bəstələdiyi əsəri fortepianoda ifa edib. Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Əhmədovun fortepianoda, Cahangir Novruzovun skripkada ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konsertindən videogörüntülər nümayiş etdirilib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov yekun vurub.

Səbuhi HÜSEYNOV