Böyük demokrat yazıçı, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti və tələbəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki abidələrini və “Ana dili” abidəsini ziyarət etmişlər. Mirzə Cəlilin abidəsi önündə universitetin rektoru, akademik İsa Həbibbəyli görkəmli ədibin anadan olmasının ildönümünün universitet tərəfindən ənənəvi olaraq hər il qeyd edildiyini bildirərək onun həyat və fəaliyyəti, nəsr, dramaturgiya yaradıcılığı, bədii publisistikası haqqında ətraflı məlumat vermiş, tələbələrin ifasında ustad Mirzə Cəlilin publisistikasından nümunələr səsləndirilmişdir.
Tədbir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilmişdir. Akademik İsa Həbibbəyli böyük mütəfəkkirin yaşadığı və fəaliyyət göstərdiyi ictimai-siyasi mühit, nəsil şəcərəsi, başçılıq etdiyi mollanəsrəddinçi ədəbi məktəbi ilə bağlı geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları” kimi məşhur dram və nəsr əsərlərinin, maraqlı hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın banisi olan böyük ədib, vətənpərvər ziyalı Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas qayəsini təşkil edən Azərbaycançılıq ideologiyası, milli tərəqqi və dirçəliş, milli azadlıq və həmrəylik bugünkü demokratik və inkişaf etmiş müstəqil Azərbaycanda təcəssum etməkdədir.

Sonra ev-muzeyin əməkdaşı Səadət Qocayeva muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli Sərəncamı ilə yaradıldığını, 13 ok­tyabr 1999-cu ildə ulu öndərimizin iştirakı ilə istifadəyə verildiyini, ev-muzeyin fəaliyyətinə, zənginləşməsinə daim dövlət qayğısı göstərildiyini bildirmişdir. Tədbir iştirakçıları ev-muzeydəki yeni eksponatlarla tanış olmuşlar.
Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin məhz onun təşəbbüsü ilə Misirdə ərəb dilində, Macarıstanda macar dilində nəşr olunmuş əsərlərini, özünün mollanəsrəddinçi M.S. Ordubadidən bəhs edən “Böyük ədəbiyyat nəhəngi” adlı yeni tədqiqat əsərini, professor Yavuz Axundlunun “Elmin və təhsilin işığında” adlı kitabını muzeyə hədiyyə etmişdir.

Mehriban SULTAN