İslam Səfərli poetik duyumu ruhu oxşayan bir sənətkar, təmiz mənəviyyatı, saf duyğuları, ülviyyəti insanlara və insanlığa məlhəm bilən unudulmaz bir nəğməkardır. Bütün yaradıcılığı boyu ürəyinin səsinə qulaq asmış, başqalarını da bu səsin diqtəsinə arxalanmağa çağırmışdır. Ürəklə yaşamaq, ürəklə yaratmaq, ürəklə sevmək, gözəlliyi, yaxşı əməlləri, xeyirxahlığı ürəyinin odunda isitmək şair İslamı da, insan İslamı da xarakterizə edən başlıca mənəvi keyfiyyət idi.
Şairin yaradıcılığına nüfuz etdikcə hiss edirsən ki, o, gözəlliyin, gözəl olanın aşiqidir, ülviyyətin, təmizliyin, müqəddəsliyin vurğunudur. Və bununla da, şair sanki mənəvi olanı, əxlaqiliyi, tərbiyəviliyi gözəllik timsalı ilə qəlbə və idraka hopdurmağa çalışır. Görünür, şair ”Bəşəriyyəti gözəllik xilas edəcəkdir” estetik idealına daha üstün münasibət bəsləmişdir.

İslam Səfərli yaradıcılığının məğzini, mahiyyətini, bütövlükdə məna-məqsədini həyatsevərlik kimi mənalandırmaq daha doğru olar. Onun yaradıcılıq fəlsəfəsinin əsasında, sözün geniş mənasında, məhz bu keyfiyyət durur. Bütün yaradıcılığında həyata dərin bir məhəbbətin, sevginin ətri, xoş rayihəsi duyulur. 
İslam Səfərli yaradıcılığında Azərbaycanımızın bütöv bir xəritəsi canlanır. Bu xəritədə ölkənin şəhərlərinin, kəndlərinin, təbii gözəlliklərinin, axar-baxarlı mənzərələrinin, dağlarının, meşələrinin, çaylarının, göllərinin təsviri əsl təbiətsevər kimi böyük vətənpərvərliklə vəsf edilmişdir. Azərbaycanın elə bir dilbər guşəsi yoxdur ki, İslam Səfərli poeziyasında “öz rəngini, öz boyasını” tapmamış olsun. O, bu təbiəti böyük məhəbbətlə bağrına basır, oxşayır, əzizləyir, beləliklə, hər kəsdə elə, obaya məhəbbət hissi oyatmağa çalışırdı.
Naxçıvan diyarının Şərur düzləri, Batabat yaylağı, Xalxal meşəsi, Qızlar bulağı və yüzlərlə, minlərlə təbiət gözəllikləri ilə seçilən gəzməli-görməli yerləri şairin qürur, ilham mənbəyi, mənəvi diriliyinin təcəssümüdür. Onun doğma diyarla bağlı şeirləri böyük bir silsilə təşkil edir. İslam Səfərli doğma diyarı Naxçıvanın bütün gözəlliklərini, təbiətinin sirli rənglərini, boyalarını bir tam kimi qavrayır, vəsf edir. Nəğməkar şair təbiətə, gözəlliyə vurğunluq hisslərini bədii obraz şəklində təsvir və tərənnüm etməklə oxucuda təsvir olunan bu təbiət lövhəsinə vurğunluq hissi yaradır.
Ümumən götürdükdə İslam Səfərli yaradıcılığında vətənpərvərlik duyğularının tərənnümü iki mənbədən qidalanır. Birincisi, doğma Azərbaycana məhəbbət hisslərinin tərənnümüdür, ikincisi, iştirakçısı olduğu 1941-1945-ci illər müharibəsində özünün və döyüş yoldaşlarının göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrini əks etdirmək istəyilə yazılmış əsərlərdir ki, bu əsərlər yetişən nəslin vətənpərvərlik tərbiyəsində, onlarda doğma diyara, el-obaya bağlılıq ruhunun aşılanmasında təsirli vasitə ola bilər.
İslam Səfərli insanın yaşadığı, boya-başa çatdığı el-obaya, Vətən dediyi torpağa bağlılığı, bu ülvi, müqəddəs məkana sədaqəti və məhəbbəti, öz əməlləri, xeyirxah işləri ilə verə biləcəyi faydanı bədii sözün qüdrəti, tərbiyəvi-mənəvi fikrin gücü ilə vəsf edə bilirdi. “Bayram töhfəsi” şerində sənətkar çox gözəl ifadə edə bilir ki, bəstəkar, mühəndis, buruq ustası, şair, hamı – bütün sənət və peşə adamları öz xalqına, Vətəninə olan borcunu ödəməli, bu işdə bacarıq və qüvvəsini əsirgəməməlidir. Şairə görə, yalnız idraklı, hünərli insanlar vətən mülkünə öz “əsərini” bəxş etmək qüdrətinə malikdirlər:

               Nəcib, düşüncəli bir bəstəkar qız,
               Piano önündə oturmuş yalqız.
               Şirmayı dillərdə gəzdirdikcə əl
               Bir mahnı yaradır incə, şən, gözəl.
               Bax bu da xoş günə – bayram gününə,
               Qurbanı olduğum vətən mülkünə
               Bayram töhfəsidir,
               Sevinc səsidir.

İslam Səfərlinin “Səs” adlı bir şeri var. Bu poeziya nümunəsi bütün zamanlar üçün ibrətliliyi ilə səciyyələnməklə başımızın üstünü almış təhlükəni hələ sovetlər dönəmində bizim yaddaşımıza və ruhumuza “yazmaq” məqsədi daşıyır. Bütün ağaclar qoca palıdın ətrafına toplaşaraq “bu işdə içimizdən kiminsə əli var”, – deyə hadisənin şübhə və həyəcanını yaşayır, baş vermiş təhlükənin mahiyyətini anlamağa çalışırlar. Bu zaman salxım söyüd meşənin kənarından bütün meşəni gözləyən təhlükənin, əsl fəlakətin nədən ibarət olduğu xəbərini gətirir:

               – Mən nə görsəm, yaxşıdır?
                  Xəyanətə baxın bir:
                  Bizi kəsən baltanın
                  Sapı bu meşədəndir!

İslam Səfərli ucuz şöhrətdən, lüzumsuz tərifdən, təmənnalı “xidmətdən”, alqışlara qurşanmaqdan uzaq idi. İkiüzlülükdən, məkrdən, riyakarlıqdan qaçanları özünə dost bilərdi. Baxmayaraq ki, şeirlərində mənfi keyfiyyətləri tənqid etmək aludəçiliyi yox idi. Ancaq “tərif azarı – canında xərçəng olanları”, çeşid-çeşid, rəng-rəng əqidəli, müxtəlif məsləkli, durumsuz mövqeli, kif atmış nadanları və çoxüzlüləri Yazıçılar İttifaqında pillə-pillə, mərtəbə-mərtəbə qaldırıb “şairə çevirməkdə” necə bir böyük günah işlədildiyini ürəkağrısı, canyanğısı ilə qarşılayır, nifrətini açıq şəkildə bildirməkdən çəkinmirdi. İncəqəlbli şair könül sındırmağın necə böyük qəbahət, nəhayətsiz günah olduğunu bilir və poetik düşüncənin köməyi ilə bunu bizə diqtə etməyə çalışırdı. “Qeyrət qapısını qorumaq”, ömrü ləyaqətlə, şərəf və namusla başa vura bilmək şairin həyat və yaradıcılıq məramnaməsi idi.
Şair ulularımızın ayaq izlərini qoruyub hifz eyləyən torpaqlarımızı qarış-qarış gəzib-dolaşmaqla özünün mənəvi simasının əzəmətini, ucalığını yarada bilmişdir. Çünki o, bütün ruhu ilə, varlığı ilə duyur və dərk edirdi ki, Vətən insanın “əbədi beşiyi”dir:

               Babamızın kölgəli
               Çətri bu torpaqdadır,
               Qəbri bu torpaqdadır.
               Nənəmizin gül kimi
               Ətri bu torpaqdadır.
               Qəbri bu torpaqdadır.
               El qədrini bilənin
               Qədri bu torpaqdadır,
               Qəbri bu torpaqdadır.
               Mən də qızıl şahinəm,
               Aranlıyam, dağlıyam,
               Ulu əcdadım kimi
               Torpağıma bağlıyam.
               O, olum beşiyimdir,
               O, ölüm beşiyimdir!..

Bir cəhəti də qeyd edək ki, İslam Səfərlinin həyatı və yaradıcılığı kifayət qədər öyrənilmə­mişdir. Zamanında sayılıb-seçilən, oxucu kütləsinin və ədəbi mühitin rəğbətini qazanan sənətkar sonralar nədənsə sanki unudulmuşdur. Lakin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı nəğməkar şairin həyat yolu və yaradıcılığının daha ətraflı öyrənilməsi işinə əsaslı stimul olacaqdır. İnanırıq ki, şairin yaradıcılığına bundan sonra dönə-dönə müraciət ediləcək. Qəlbi incə, sözü zərif, rübabından şirin nəğmələr qopan şair İslamın bir az da təlaş və nigarançılıqla yoğrulmuş bu arzusu artıq həqiqətə çevrilib:

               Dalğalı Arazın göy yaxasında
               Durur əzəmətli şəhərim mənim.
               Onun hər evində, hər obasında
               Kaş ki səslənəydi sözlərim mənim.

Vahid RZAYEV
pedaqogika üzrə fəlsəfə doktoru